SAZ HAVASI (erməni də olsa qadındı)

SAZ HAVASI (erməni də olsa qadındı)

 

Borçalıya (Marneuli) sənəd dalınca getmişdim. Dostum Mamed məni Borçalı ədəb ərkanı ilə qonaq elədi və işlərimizi bitirəndən sonra mənə dedi ki, gedək yeyib-içib keyf edək.

Dedim:

– sən bilirsən ki, mən içmirəm və keyf etmək də qadınları nəzərdə tutursansa bunu da bilirsən ki, mənim elə şeylərlə aram yoxdu. Ondansa halal ətdən bişirilən xəngəl verilən bir yer varsa ora gedək.

And aman elədi ki, nə içki olacaq, nə də sənin fikirləşdiyin qadınlar. Sadəcə qəşəng kabab yeyib Gürcü limonadı içərik. Gerisi də sürpriz.

O qədər andlar içdi ki, razı oldum bununla getməyə amma mən bunu tanıyıram axı. Bilirəm sürpriz dediyi adi şey ola bilməz. Uzun sözün qısası gəlib şəhərdən gənarda meşəlik bir yerdə bir restorana çatdıq. İçəri girəndə gördüm erməni mahnısı çalır “muzikantlar”. Mamed qabaqdan girdi. Bunu görən kimi musiqiçilər mahnını dayandırdı və “obyekt” sahibi qabağımıza qaçdı.

-Ara, Mamed can, dobrı pojalovat. Çoxdandı niyə gəlmirsən?

Köpəy oğlunun ermənisi bizim dili bizdən yaxşı danışırdı desəm mübaliğə etmiş olmaram. Mamed özündən razı şəkildə dedi:

-Bütün mütəriləri boşalt. Restoranı bağlatdırıram. Azərbaycandan qonağım gəlib.

Azərbaycan deyəndə bir az yüksək səslə dedi və yeyib-içənlərin hamısı bizə baxdı.

-Ara, Mamed qardaş, mən necə qovum axı klientləri? Sizə kabineti verim.

Mamed ayağını yerə dirədi ki, ya bu dəqiqə buranı boşalt, ya da mən boşaldacam. Gördülər ki, yoxe Mamed Nuh deyir, Peyğəmbər demir. Yaxındakı masadakı cavanlar özləri durub getdi. O biri masadakıları da “obyekt” sahibi birtəhər razı salıb yola saldı. Mamedin istəyi ilə restoranın tam ortasına uzun bir masa düzəldib əllərinə nə keçdisə düzdülər ortalığa.

Mamed dedi ki , bir dənə də boş masa gətirib qoyun yanımıza. Mən baş verənləri təəccüblə izləməklə yanaşı eyni zamanda nə baş verdiyini anlamağa çalışırdım.

Mamedin istəyi ilə adam göndərdilər “Qəssab Əli”dən ət alıb gətirsinlər kabab üçün. Bir saata yaxın vaxt keçməsinə rəğmən biz ayaqda durub dəm-dəsgahın hazır olmasını gözləyirdik.

Nəhayət buyur etdilər və Mamed keçib upuzun masanın başındakı skamyanı çəkərək mənə “əyləş” dedi. Özü də keçib masanın o biri başında oturdu. Aramızda hardasa 5metrə məsafə var idi və bu məsafə “quş südü-can dərmanı” ilə dolu idi.  Mamed mənə dedi ki:

– cibində xırda Azərbaycan Manatı var?

Mən də ciblərimi qurtdalayıb bir ədəd 5manatlıq və 3ədəd bir manatlıq tapdım. Əllilik və Yüzlükləri Mamed cibimə geri qoymamı istədikdən sonra 8manatı verdim ona.

Manatın “xod gedən” vaxtları idi. Mamed “muzikant”lardan birini çağırıb 1manat verdi və “Bakılı Balasıyam” mahnısını “zakaz” elədi. Eyni zamanda çağırdığı adamın  qulağına pıçıltı ilə nəsə dedi. Məsafə çox uzaq olduğu üçün bunu eşidə bilmədim.

Mahnı başlar başlamaz iki qız yaxınlaşıb çıxdılar yanımızdakı boş masanın üstünə və başladılar “Bakılı balası”na oynamağa.

Yüksək səslə Mamedə səsləndim:

-Mən sənə dedim axı qadın-qız olmasın…

Mamed gülmüsəyərək nəsə dedi ama yenə eşitmədim. Kabablar gəlməyə başladı .

Mahnılarımız ard arda “muzikant”ların ifasında bərbad günə qoyulduqca qızların oynaması məndə qəribə hisllər yaradırdı. Birdən gözüm çalğıçıların arxasındakı Saza sataşdı. Dalıb getdim uzaqlara. Heç vaxt görmədiyim Kəlbəcəri, Şuşanı-Qarabağı dolaşdım xəyalımda. Əsir düşən qadınlarımızı düşündüm. Ermənilərin masasında məcburən rəqs etdirildikləri gəldi gözümün qabağına və özümdən asılı olmayaraq gözlərimdən yaşlar axmağa başladı.

Özümə gələndə onu gördüm ki, erməni qızının biri mənə salfet uzadır.

Əlimi masaya vurub mahnının dayandırılmasını tələb etdim və durub Mamedin “cinahına” keçdim.

Əlimi boynuna salıb dedim:

-Mamed, mənim gözəl qardaşım, niyə belə edirsən axı?

Dedi :

-Ayə, ermənidilər, pulumu verib məzələnerəm dana.

Dedim:

-Qardaş, erməni də olsalar qadındılar. Biz onlar kimi deyilik axı. İndi sən pulunu verib onlarla əylənirsən. Bəs onların bizim əsirlərlə hansı tərzdə “əyləndiyini” düşünürsən heç?

Mamed susub doluxsundu amma yenə dedi:

-Ayə, bizim başımıza nə gəler ürəyi yumşaqlığımızdan gəler dana. Buların hamısının var yoxunu…

Bu sözləri yüksək səslə dedi amma restorada olan bir başı papaqlı dinib nəsə demədi.

Ayağa durub sazı götürdüm. Bərbad halda olan tellərini birtəhər kökləyib sinəmə basdım. Bir “Ruhani” havası sədası altında ağzımı mikrafona yaxın tutaraq dedim:

-Mamed, biz bunlar kimi deyilik. Biz Türkük, biz müsəlmanıq. Təbii ki, düşmənimizdilər. Versələr qanlarını içərəm amma qadınların yox. Erməni də olsa qadındı. Əks təqdirdə bizim onlardan nə fərqimiz olar ki.

Ruhaniylə qoşalaşaraq yenə xəyalımla uçmağa başladım. Qılınc çaldım, at çapdım, cəng elədim. Düşməmləri bir bir qanına qəltan elədim. Hayıfımı çıxdım amma qadınlara toxunmadım.

Bir onda özümə gəldim ki, mizrabı pas tutmuş simlərə elə vururammış ki , cəmi ikicə teli qalıb. Qırılan tellər əlimi dəlik deşik edib. Və gözlərimi açanda onu gördüm ki, “muzikantlar”, qızlar, restoran sahibi hönkür-hönkür ağlayır. Mamed isə donub qalıb. Bıçaq vursan qanı çıxmaz.

O boyda nazi-nemətdən bir tikə belə keçmədi boğazımızdan və “gedək” dedim.

Mamed  restoran sahibini çağırıb “şotu” istədi.  Restoran sahibi olan erməni mənim əlimi tutaraq hönkür-hönkür ağlayaraq  dedi:

-Bağışla bizi…

 

Nə qədər etdiksə “şotu” almadılar və çıxanda o sazı mənə hədiyyə etdilər…

9,786 total views, 1 views today