“BORÇALIMIZIN GƏLƏCƏYİ” – Aişə Səyyadqızı

“BORÇALIMIZIN GƏLƏCƏYİ” layihəsində bu gün sizə təqdim edəcəyim gənc və prespektivli dostumuz Aişə Səyyadqızıdır.

Aişə Səyyadqızı 4 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub.
Xətai rayonu Ə.Əliyev adına 204 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.Şeir yazır, saz çalır. Ustadı Sazbənd Qəzənfərdir.
“Aşıq Pəri Məclisinin” üzvüdür.

Son zamanlarda ən çox diqqət yetirdiyim gənclərdən biri də məhz Aişə xanımdı. Onun ulu Borçalıdan olması daha da diqqətimdə olmasına səbəb olur. Yaşının az olmasına baxmayaraq, gələcəyinə böyük ümid bəslədiyim şairlərdən biridir.

Onun üstünlüklərindən biri də Aşıq sənətinə bələd olub müqqəddəs sazımızı ifa etmə bacarığıdır.

Aişə Səyyadqızının bir neçə şeirini sizə təqdim edirəm.

****
İNSAN

Özü öz səhvini anlaya gərək,
Kiminsə günahın yuyanda insan.
Hər şeyi dərk edər,hər şeyi qanar,
Ürəkdən düşünüb,duyanda insan.

Qəlbində imanı olmasa daha,
Göz aça bilərmi insan sabaha?
Düşər pis əmələ,batar günaha,
Hər zaman şeytana uyanda insan.

Sevər Allahını yadına salar,
Düşünər,daşınar, xəyala dalar.
Könüldə yer tapar,ürəkdə qalar,
Ay Aişə,yaxşı iz qoyanda insan.
***

YOX

Ölənlərin dərdi birdi a qardaş,
Yaşayanın dərdi nədi bilən yox.
Kədərinə qulaq asan tapılar,
Gözlərinin leysanını silən yox.

Söz ağrısı qəlbə dəyən ox olar,
Dünən var olanlar,bu gün yox olar.
Şad günündə üzə gülən çox olar,
Dar günündə tikəsini bölən yox.

Əhdinə vəfasız çıxarlar ancaq,
Haqqı söyləyəni sıxarlar ancaq,
Qurub-tikdiyini yıxarlar ancaq,
Bir daşını daş üstünə hörən yox.

Ağlıyır əllisi,sevinir beşi,
Ay Aişə,dəhşətdi ömrün gərdişi.
Etdiyin əməli,tutduğun işi,
Allah qədər tanıyan yox,görən yox.
***

RƏHMƏT

Sığınıb şöhrətə,güvənib ada,
Yaşamaq çətindi ömürü bada,
Vəfasız həyatda,yalan dünyada,
Yaxşını yamandan seçənə rəhmət.

Bir yanda qəm durdu,bir yanda qəhər,
Nə dağda qar qoydu,nə bağda bəhər.
Dünyanın şərbətin haqq üçün zəhər,
Edənə afərin,içənə rəhmət.

Aişədə əl açar,Allahdan dilər,
Qaydadı həyatda doğulan ölər,
Yaxşıdı,yamandı Yaradan bilər,
Bu fani dünyadan köçənə rəhmət.

 

12,363 total views, 1 views today