ŞƏHİDLƏR QARŞISINDAKI “VƏZİFƏMİZ”

 
Cəmi 8 yaşında idim. Valideynlərim məni oxumaq üçün şəhərdə yaşayan əmimgilə göndərmişdilər. Birinci sinifi kənddə oxuyan bir uşaq üçün şəhərə adaptasiya olmaq elə də asan deyildi. Bir də ki, 8 yaşlı uşaq anasından ayrı necə olar? Yəqin, bunu izah etməyə ehtiyac yoxdur.
Dəqiq yadımda deyil, bircə onu bilirəm ki, yağışlı və soyuq havada gəlmişdik Bakıya. Qatardan vağzala düşəndə o qədər qorxmuşdum ki… Bakı çox böyük görünürdü kiçik gözlərimə. Sarı bir maşına minib evə getdik. Düşəndə əmim “şoferə” pul verdi. Üstündə “LELİN BABA” şəkili olan qırmızı bir onluq. Fikirləşirdim ki, görəsən əmim o əmiyə pulu nəyə görə verdi? Çox uzun müddət bu sual məni narahat eləmişdi.
Bina çox hündür idi. Gəlmədən öncə elə bilirdim ki, şəhərdəki evlər də kəndimizdəki evlər kimidir. Mərtəbələri qalxdıqca pilləkənlər sanki böyüyür, balaca ayaqlarım pillələrə çatmırdı. Nə qədər uzun məsafə idi, ilahi. Nəhayət, çatdıq. Daha pilləkənlər yox idi. Ən yuxarıda olduğumuzu anladım. Çox həyəcanlı idim.
Əmim qapını açdı və evə daxil olduq. Çantaları eyvana daşıyırdıq. Gözüm aşağı sataşdı. Necə də hündür idi, hətta kəndimizdəki dağdan belə hündür. Aşağı baxmağa qorxub içəri qaçdım.
Artıq şəhərə gəldiyimizdən xeyli müddət keçmişdi. Şəhər həyatına tez alışmışdım. Hətta məktəbə də tək gedib gələ bilirdim. Evimizin yanında “SKORO POMOŞ” yerləşirdi. Maşınlarının səsini çox sevirdim. Hətta məktəbdən gələndə “viu, viu, viu” deyib yüksək səslə qışqırırdım da. Elə təsəvvür edirdim ki, o maşınları sürürəm. Bir dəfə bir əmi mənə bərk əsəbləşib, “bir də burdan keçmə” demişdi. Başqa yol bilmirdim axı. Qorxumdan 2-3 gün əmimlə getdim məktəbə. O gündən sonra o maşınların səsinə nifrət edirdim.
Axşam tez yatmışdım. Birdən qulaqlarıma həmin “viu viu viu” deyə səslər gəlməyə başladı. Həm də get-gedə çoxalırdı səslər. Qorxub yorğanı başıma çəkdim. Qapımız bərk döyülməyə başladı. Əmim təlaşla içəri girib bizi “pijamalarımızla” evdən çıxardıb maşınla harasa aparırdı. Çox qorxmuşdu, dodaqları tir-tir əsirdi.
“Razin” də yaşayan bibimgilə gəlmişdik. Aralarında pıçıltı ilə nələrsə danışırdılar, amma başa düşmürdüm. Soruşanda da təpinirdilər ki, yat.
Uzun bir müddət bibimgildə qaldıq. Əmim də səhərlər gedib axşamlar gəlirdi. Deyirdi ki, məktəblər tətildi deyə burda qalırıq.
“Tətil” bitəndən sonra evə qayıtdıq. Məktəbə gedəndə müəllim bizə dedi ki, sabah hamınızı “ŞƏHİDLƏR  XİYABANINA” aparacağıq. Şəhidlərə aid şeir öyrənin. Elə sevinirdik ki, elə bilirdik gəzməyə, əylənməyə gedirik. Çünki nə Şəhidin nə də xiyabanın demək olduğunu bilmirdim.
Evə gəlib həyəcanla nənəmə anlatdım. Dedim şəhidlərə aid şeir öyrət mənə. Nənəmin göz yaşları içində  bədahətən dediyi bayatı hələ də yadımdadı. Bircə dəfəyə əzbərləmişdim.

Eləmi yandı könlüm,
Qana boyandı könlüm.
Şəhidləri görəndə,
Sevinci dandı könlüm.

Səhərə kimi gözümə yuxu girməmişdi. Həyəcanla sabahın olmasını gözləyir, aradabir nənəmin öyrətdiyi şeiri pıçıldayırdım.
Trolleybusa minib yola düşəndə müəllim dedi ki, “o hadisə bax elə burda olub”. Hansı hadisənin olduğunu anlamasam da evimizə çox yaxın idi. 3-cü mikrorayon “kruqunda” qalırdıq. Yol boyu pəncərədən çölə baxıb ətrafı seyr edə-edə şeirimi təkrarlayırdım.
Və nəhayət, çatdıq. Hündür və mənzərəli bir yer idi. Sinfimizdəki bütün uşaqların valideynləri də gəlmişdi. Mən də nənəmlə idim. O qədər çox adam var idi ki, heç bu qədər adamı bir arada görməmişdim.  Anlamaqda çətinlik çəkdiyim nələrisə müəllim anlatdıqca nənəm qarışıq bütün böyüklərin ağlama və hıçqırıq səsləri elə bil bu günkü kimi qulaqlarımdadır. Hamımız növbə ilə şeirimizi deyib qayıtdıq. Şəhidlərə olan “VƏZİFƏMİZİN” öhdəsindən məharətlə gəldik. Necə ki, illərdir təkrar edirik…

13,210 total views, 1 views today