qerib.az gənc şair Pərviz Əbilin şeirlərini təqdim edir

Ölüyə məktub…

Deyirlər ölülər eşidir
Eşit məni,
qulaq as…
Həyat yarışında çoxlarını arxanda qoyub yolun sonuna çatmısan…
Ey…özündən qaçan adam,
anlamırsan?
Ölümünlə öz-özünə qayıtmısan.
Dünyada ağrı-acıdan keçib,
Özünə özün boyda ölüm biçib,
Ağrıya ağrı verib,
dərdə dərd dadızdırıb ölmüsən…
Sağ vaxtı arxanca su səpənlər,
Öləndən sonra qayıtmağını istəyib qəbrinə su səpəcək

Ürəyində dərd daşıyıb
yaşadın.
Amma,
Saf siman kəfənin qədər ağ olmadı
Savabların sərçənin dimdiyindeki su qədərdi.
Günahların qədər üstünə torpaq tökdülər
izin-tozun da qalmadı.

Yaşaya-yaşaya tapa bilmədiyin,
arxasıyca sürünüb çata bilmədiyin
dünyanın sirrini öz qəbrində tapacaqsan.
son mənzil hər cavabsız sualın cavabıdır.
Ölüm əbədi yatmaq yox,
ölüm əbədi oyanış olacaq sənə…
Çünki,
sən qəbrində insandan uzaq
Allaha yaxınsan
Yaşayanda yaxın olmadığın Allaha…

 

Səninlə son payızım…

Payız vaxtı tənhalıq çətin gəlir adama…
Nakam,qəmli ömrümdən sevinc,şadlıq yan qaçır
Bu fəslin səhəri də ,bu fəslin gecəsi də
Kədər,həsrət qoxuyur,ürəyimə qəm saçır.

Eşqimdən küsdüyüntək payız özündən küsüb,
Mənim ürəyim kimi əldən düşüb,qocalıb.
Mən sənin nəfəsinə həsrət qaldığım kimi,
Deyəsən bu payız da bahara həsrət qalıb.

Bəlkə də aldatmısan mənə “sevirəm” deyib
Bəlkə artıq silmisən mənlə keçən illəri.
Bir gün geriyə dönüb,özün qayıtmasan da,
Özünlə apardığın baharı qaytar geri.

Gör neçə fəsildir ki,sən məni tərk etmisən;
Getdiyin cığır itib,yollarda yoxdur izin…
O gün qəddarcasına bizi ayıran payız,
Bir gün soyuq qəbirdə qovuşdurar,əzizim.

 

ÌTTÌHAM!

Bizlərə də açıqla
Sən bilirsən o sirri…
Yalnız sən!
Bilirsən ki, necə olur öz nəfsindən asılmaq.
Bilirsən ki, necə olur,
ümidlərin zirvəsindən atılmaq.
Sən bilirsən
həyatını bir kəndirə dolayıb bircə anda
qurban vermək necə olur,intihar.
O hissləri sən yaşadıb,sən bilirsən.

Axı necə əli gəldi Yaradanın
səni onda yaratmağa?
Axı necə üzün gəldi yaranmağa?
Çox heyif ki,bilməmisən…
Bilsəydin ki,əcəl adlı rəqibinlə döyüşündə
neçə-neçə günahsızın aralıqda başı gedər,
O insan ki,öz canını tapşırarkən gözlərindən sonuncu kəs yaşı axar…
Yaşı gedər.
bu dünyaya gəlməzdin sən…

Biraz çəkin, bir azca qorx!
Qorx o gündən
ki göylərdə fəryad edən insan ahı bir gün gəlib
boğazına kəndir kimi dolanacaq.
Və bir gün sən özün də intihar edəcəksən…
Bax o zaman adindaki 7 hərf:
İ, N, T, İ, H, A, R
Yox olacaq..!!!

 

Tilsim

Sənin soyuqluğun işlədi cana,
Ruhumu don vurdu,cismim daraldı.
Sənsiz ölə -ölə yaşadım amma,
Ürəyim “sən” adlı fəsildə qaldı.

Məni tərk etdiyin o gündən başqa,
Hər şeyi unudub yaddaşım daha.
Kədər ağacını suvarmaq üçün,
Ìçimə süzülür göz yaşım daha.

Sənsizliklə öldüm diri gözünə ,
Boğuldum həsrətin yağışlarında.
Öldü uşaq kimi arxanca qaçan
əliboş qayıdan baxışlarım da…

Sənsiz evimiz də mənə bənzəyir.
Qayıt,sənsizliyə dözmürük axı…
Açılmaz tilsimə salmısan bizi,
Məndə qəlb açılmır,bu evdə qapı.

3,589 total views, 3 views today