Zəlimxan Yaqub şeirləri

DÜNYANIN NƏ GÖZƏL VAXTI GÖRÜŞDÜK

Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!

25 mart 2000

QALASIYAM

Borçalı oğullarının dilindən

Yağlı loğma saymasın heç kəs məni dünyada,
Nə quşa yem olası, nə qurda qalasıyam!
Gözlərimin nurudu doğulduğum bu torpaq,
Nur məndə qalasıdı, mən nurda qalasıyam!

Ey anamın göz yaşı, ey atamın başdaşı,
Ey mənim dağlarımın qəmdən çatılan qaşı,
Dar ayaqda dayanıb sizin ilə yanaşı,
Bu elə, bu obaya, bu yurda qalasıyam!

Onsuz mənim ömrümün yaşılı, alı yoxdur,
Onsuz mənim bəxtimin atı var, nalı yoxdur.
Borçalıdan savayı ayrı Borçalı yoxdur,
Dünya köç-köç olsa da, mən burda qalasıyam!

DÜNYA

Vaxtında uzadıb kömək əlini,
Vermədin mənimlə əl-ələ, dünya!
Nəyimə gərəkdi vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl ələ, dünya!

Acı yel üstümdən əsdikcə əsdi,
Yağan qar yolumu bağladı, kəsdi.
Gəl, məni bu qədər yandırma, bəsdi,
Mən ki nə Kərəməm, nə Lələ, dünya!

Yolsuz yoxuşlarda yordum dizləri,
Ahımla qurutdum göy dənizləri.
Qaldı kürəyimdə kəndir izləri,
Dərdi dərd üstündən şələlə, dünya!

Aşılmaz dağları mən necə aşım,
Zəlimxan, fikirdən çatılıb qaşım.
O sənin daşındı, bu mənim başım,
Nə qədər istəsən, gəl, ələ, dünya!

4,902 total views, 5 views today