qerib.az Gənc şair Bəndalı Coşqunun şeirlərini təqdim edir

Mən sənin…

Sənə olan sevgim böyüyür, ancaq,
Sən isə get- gedə uşaqlaşırsan.
Mən sənə bir addım yaxınlaşanda,
Sən məndən on addım uzaqlaşırsan.

Mən sənin yolunu izləyən zaman,
Sən məni yolunda kölgə sanırsan.
Bəzən də kölgəni bənzədib mənə,
Özün də bilmədən məni anırsan.

Mən sənin sevgini qazanmaq üçün,
“Ruhumu sən gedən yollara sərdim.”
Bilsəydim sən məni sevməyəcəksən,
Tərk edib bu eşqi… çıxıb gedərdim.

Mən sənin üzünə baxdığım zaman,
Gözlərin mənimlə söhbət eyləyir.
Dilinlə “Sevmirəm” deyirsən mənə,
Amma ki, gözlərin “Sevir” söyləyir.

Bilmirəm hansına inanım indi,
Hər biri fikrini izah eyləyir.
Gözlər ürəyin aynasıdırsa,
Deməli, gözlərin doğru söyləyir?!

Sənsiz ötən hər bir günüm həsrət və kədərdir,
Sənlə keçən hər saniyə mənçün bir əsərdir.

Yarım, sevirəm söyləyə bilməm, demə aciz,
Hətta səni sevmək özü bir çünki hünərdir.

Tək mən deyiləm hüsnünə aşiq olan insan,
Bax arxaya, dərdindən ölən gör nə qədərdir.

Cəhd etmə uzaqlaşdırasan sən məni səndən,
Onsuz sənin hər eylədiyin cəhdin hədərdir.

Yarım, səni mən öylə gözəl vəsf edirəm ki,
Hər kəs soruşur ki, o, mələkdir, ya bəşərdir?

Gəl at daha eşqin daşını, Bəndalı, məncə,
Sevmək onu sağlamlığına çünki zərərdir.

2,961 total views, 2 views today