Hidayət Səfərli və şeirləri

Hidayət Hümbət oğlu Səfərli 1964-cü il oktyabrın 15-də Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olub. O, 1982-ci ildən dövrü mətbuatda müxtəlif səpkili yazılarla çıxış edir.Publisistik yazıları “Xudafərin”, “Qarabağa aparan yol” , “Kredo” , “Vətən səsi” qəzetlərində və s. mətbu orqanlarda dərc olunub. 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür . “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Bədii yaradıcılıqla məşğul olur. O, ondan artıq şeir almanaxının müəlliflərindən biridir. “Mənəviyyatın ekologiyası”, “Fənayənin sualları” publisistik kitablarının həmmüəlliflərindəndir. “Yuxularımın harayı” (“Azərbaycan” nəşriyyatı , 2004) , “Qanlıcada qalan iz” (“Səda” nəşriyyatı , 2007) , “Yaşanmış ömrün işığı” (M.Mirimli ilə birlikdə , “Təknur” , 2009 ) , “Düyün düşən cığırlar ” (“Təknur” , 2010 ) , “Yaddaşlarda qalan ömür” (“Təknur” , 2010 ) kitablarının müəllifidir. “İlahi cilvə”, “Həsrət yağışı” , “Ömür işığı” poemalarının müəllifi olan Hidayət Səfərli yaradıcılığının qayəsini Vətən sevgisi , yurd həsrəti , torpaq nisgili , Qarabağın düşmən tapdağından azad edilməsinə çağırış , bəşəri hisslərin tərənnümü təşkil edir .

ALLAHA, ALLAHA…
Qarışıbdı qanım qana,
Çətin gələ canım cana.
Olammadı qurban, ana,
Balan, Allaha, Allaha…

Çağır məni bir ad ilə,
Tanış eylə dost, yad ilə.
Bəxt arzula, ömür dilə,
Qalan, Allaha, Allaha…

Uzaq düşüb bizdən halal,
Toy-büsatlı cahi-cəlal.
O sevgidən gəl işlq al,
Calan Allaha, Allaha…

Haqdan gəlsə gücüm, heyim,
Üstələməz ağlı geyim.
Bəndəsiyəm, necə deyim,
Yalan, Allaha, Allaha…

Yurd dağıdıb, yuvası var,
Əlində qan xınası var…
Hidayətin duası var,
Alan, Allaha, Allaha…

Öldürəcək
Ömür-gündü, beş gün belə, beş belə,
Sağa-sola, dön arxaya, keç belə.
Belə gözəl görməmişdim heç belə,
Öldürsə, bil məni naz öldürəcək.

Yay istisi hərarətim, nəfəsim,
Payız olub son istəyim, həvəsim.
Qışdan sonra bahar gəlir, tələsim,
Öldürsə, bil məni yaz öldürəcək.

Çal, ay aşıq, “Baş sarıtel” havası,
“Cəngi”də var bir elin haqq davası.
Gərəkməz ki, bir kimsənin duası,
Öldürsə, bil məni saz öldürəcək.

BƏXTSİZ GÖZƏLƏ
Bir gözəl boylanır yollara hərdən,
Sinəsi söz dolu, danışa bilmir.
Od-ocaq gəzdirir gözündə hər dəm,
İçində közərir, alışa bilmir.

Özü göz önündə, görünmür gözə,
Elə bil, kor olub gözümüz bizim.
Sevirəm kəlməsi dillərə həsrət,
Dəyərdən düşübmü sözümüz bizim.

Cehizi sevgiylə döyünən ürək,
Dövləti təmiz ad, abır-isməti.
Ağatlı oğlanı yubanır yaman,
Gecikir nə vaxtdı tale-qisməti.

Görəsən hardadı ağatlı oğlan,
O söz nağıllaşıb, nağılda qalıb.
Üç alma düşməyin gözləmə əbəs,
Yaddaşa ilişib, ağılda qalıb.

Gül-çiçək açsa da, gecikir bahar,
Möhtacıq nə vaxtdı soyuq qar-qışa.
Bədnəzər toxunub, nəzərdən düşüb,
Tuş gəlib taleyi sonda qarğışa.

Sevib-sevilmək də bir hünər istər,
Bilinməz əvvəli, görünməz sonu.
Sevənlər kor olur demiş babalar,
Göz görsə anlamaq çətindi onu.

Ay sevə bilmədi gecəni, məncə,
Sevsə səhər olmaz, gecə qalardı.
Sevgi qaranlıqda işığı görmək,
İşıqsız dünyamız necə qalardı?

Nə deyib Hidayət könlünü alsın,
Ahın o dağların daşına gəlsin.
Mən səni anladım, qınamadım ki,
Kim səni anlamır, başına gəlsin.

AY QARAGÜNLÜ
Yurd həsrəti ilə yaşlaşan, tənhalaşan ellimə…

Bu qoca dünyanın yaşından yapış,
Baharından yapış, qışından yapış,
Əyil bu torpağa, daşından yapış,
Kimi gözləyirsən, ay qaragünlü?

Gözləmə, gözlədin gələn olmadı,
Gəlib dərd-qəmini bölən olmadı.
Ölərəm dedilər, ölən olmadı,
Kimi gözləyirsən, ay qaragünlü?

Qalıbdı səs-sədan o yurd daşında,
Qovğalar dolaşır hər an başında.
Ağlama, batarsan öz göz yaşında,
Kimi gözləyirsən, ay qaragünlü?

Hər kəsin butası, butan da getdi,
Günəş qürub edib batanda getdi.
Əindən yapışıb tutan da getdi,
Kimi gözləyirsən, ay qaragünlü?

Layla de uyusun dərdin, kədərin,
Bu da sənin bəxtin, sənin qədərin.
Gözündə həsrət var, dərindən dərin,
Kimi gözləyirsən, ay qaragünlü?

Aç danış sirrini, olum həmdəmin,
Dəryada elə bil batıbdı gəmin.
Sirrini vermərəm, məndən ol əmin,
Kimi gözləyirsən, ay qaragünlü?

4,267 total views, 1 views today