BİZİM ƏSGƏR və ya İTİRİLMİŞ ARZULAR

-Böyüyəndə nə olacaqsan?
-Əsgər.

Yəqin ki, bu sual kiçik ikən bütün oğlan uşaqlarına verilir və əksəriyyət də eyni cavabı verir. Mən də “əsgər olacam”¬ deyirdim. Həm də çox igid, qəhrəman, vətənini xilas edən əsgər.
Müharibə filmlərində əsgərləri  izlədikcə bu istəyim, bu həvəsim daha da artırdı. Gerçək silahlar, əsgər paltarları, postallar geyindiyimi xəyal edirdim. Uşaq ağlımla günlərcə meşələrdə qalmaq, mühasirəyə düşmüş günahsız insanları xilas etmək, insanların gözlərində qəhrəman kimi görünməyin planlarını qururdum..

Artıq 15-16 yaşıma gəlmişdim. Yay tətili olan kimi valideynlərim bizi Navrasa aparar və bütün yayı orda keçirdərdik. Çox gözəldi Navras. Dağlar, meşələr, çaylar, göllərlə əhatələnmiş əsrarəngiz bir yer. Bəlkə, mən orada doğulmuşam deyə mənə bu qədər gözəl göründüyünü düşündüyüm də olub, ancaq hələ bu möhtəşəmliyi inkar edən bir insan da görməmişəm.
Yay tətilini dağların yamaclarında at çapmaqla, qoyun otarmaqla, çayların önünü “çumbuz” larla bağlayıb buz kimi sularında çimməklə, öz düzəltdiyimiz soyuq silahlarla quş ovlamaqla, gül-çiçək dərməklə keçirdərdik və məktəbə qayıdanda yay tətili haqqında ağız dolusu danışardıq. Bütün sinif yoldaşlarımız qardaşımla mənim anlatdıqlarımızdan Navrasın gözəlliyini təsəvvür edir və nə vaxtsa ora getməyin xəyalını qururdular.
Bu yay da çox gözəl keçmişdi.  O qədər gözəl hekayələrimiz var idi ki, məktəbə gedib sinif yoldaşlarımıza, müəllimlərimizə danışmaq üçün səbirsizlənirdik. Atam və anam da gəlmişdi artıq. Dedilər ki, bir neçə gün qalaq nənəgildə və məktəb başlayana kimi gedərik.
Artıq gözlərimə yuxu getmirdi. Bir an öncə getməyimizi istəyirdim, amma harasa getməyimizi biləndə gedənə kimi yata bilmirdim.  Və nəhayət, o gün gəlib çatdı. Navrasdan bizim yaşadığımız şəhərə birbaşa qatar olmadığı üçün biz qonşu şəhərə getməliydik. Avtobusa minib yola düşdük. Pəncərədən çölə baxırdım. Sanki dağlar, meşələr, dərələr, düzlər, daş atdığımız quşlar- ümumilikdə Navras “getmə” deyirdi. Tərslikdən olan kimi avtobus sürücüsü də “Deyir, deyir ayrılma məndən” mahnısının səsini zilə qaldırmışdı. Bir saatlıq dalğınlıq və hüzün dolu yolun sonunda qonşu şəhərə çatdıq. Vağzalın yanında düşüb qatara bilet aldıq.  Atam dedi ki, qatarda uşaqlar acacaq, gedim yeməyə nəsə alım. Gürcü limonadı, “kojik”, çörək və kolbasa almışdı. Qatar gözləyə-gözləyə çörəyin  yanlarını yemişdik qardaşımla. Elə gözəl dadırdı ki. Amma kolbasa çox pis dadırdı. Elə bil sarımsaq kolbasası idi.
Bələdçinin anonsundan qatara miniyin başladığını anladıq və qatara doğru yönəldik. Biletləri göstərib öz kupemizə yerləşdik. Qatar yerindən tərpənəndə həyəcandan ürəyimin döyüntüsünün səsini özüm eşidirdim. Axı üç aydır ayrı olduğum dostlarıma, məktəbimə qovuşacaqdım. Ən əsası da danışacağım o qədər hekayə var idi ki…
Qatar bir saat olar yola düşmüşdü. Hələ səkkiz-doqquz saatlıq yolumuz var idi ki, birdən yavaşladı və dayandı. Kupedəkilərin hamısı maraqdan dəhlizə çıxdı. Qatar bələdçisi hər kəsin öz kupelərinə keçməsi gərəkdiyini, kontrol olduğunu dedi. Kupeyə girəndə gözüm pəncərədən çölə sataşdı. Qatarın yanında əsgərlər var idi. Əsgər formasında, postalda və gerçək silahlar. Eynən xəyallarımdakı kimi. Elə həyəcanlanmışdım ki. Uşaqlıqdan bəri filmlərdə görüb xəyalını qurduğum əsgərləri canlı görürdüm. Həm də çox yaxından. “Ata, bax əsgər” deyib elə sevinclə qışqırmışdım ki…
Bir neçə dəqiqədən sonra bir komandir və iki əsgər yoxlaya-yoxlaya gəlib bizim kupenin qapısını açdılar və atamdan sənədləri tələb etdilər. Atam sənədləri təqdim etdi və onlar sənədlərə baxarkən mən gözümü əsgərlərdən çəkə bilmirdim. Əsgərin biri çox balaca və arıq idi. Əynindəki paltar ona iki¬-üç boy böyük idi. İçində itib-batırdı. Avtomatın ağırlığı sağ çıynini aşağı salmışdı. Komandir sənədlərə baxıb “yaxşı yol” deyib atama qaytardı və digər kupeyə yönəldi,  amma həmin əsgər dayanıb bizə baxırdı. Bir neçə saniyəlik süküt atamın əsgərə “acsanmı? ” deməsi ilə pozuldu.
¬         -Hə, əmi.
– ¬Gəl kolbasa çörək ye.
-¬Komandir görsə öldürər.
Atam yanlarını yediyimiz çörəyi və “sarımsaq dadır” deyib yemədiyimiz kolbasanı ona uzatdı. O da sağa-sola boylanıb aldı və qoynuna soxaraq gizlətdi. “Çox sağ olun” deyib ¬gözləri parlayaraq getdi.
Yenə pəncərədən çölə boylanırdım. “Düzlən”¬ deyə bir səs eşitdim. Əsgərlər qaçışaraq qatarın yanında sıraya düzləndilər. “Bizim əsgər” də orda idi. O qədər balaca idi ki, az qala sırada görünmürdü. Komandir sıraya yaxınlaşıb soldan -sağa , sağdan sola addımlayır, nəsə deyirdi, ancaq tam eşidilmirdi. Qatar tərpənməyə hazırlaşırdı, amma mənim fikrim “bizim əsgərdə” qalmışdı. Birdən nə oldusa komandir “bizim əsgərə” bir təpik vurdu. O qədər möhkəm vurdu ki, ürəyim göynədi. Təpiyin şiddəti ilə əsgər yerə yıxıldı və qoynuna gizlətdiyi “azuqə” yerə düşdü. Bunu görən komandir yerə yıxılan əsgərə bir neçə təpik yenə vurdu. Yerə düşən çörək və kolbasanı da təpiklə vurub parça-parça elədi.  Qaçıb komandirin ayaqlarından tutmaq, “vurma” demək istəyirdim, fəqət qatar artıq tərpənirdi. Get – gedə uzaqlaşırdıq onlardan, amma təpiklərin ardı arası kəsilmirdi.
O il məktəb başlayanda mən əvvəlki illərdəki kimi Navras hekayələrimi  danışmadım. “Bizim əsgər” in hekayəsini anlatdım şagird yoldaşlarıma. Oğlu əsgər olan müəllimimizin göz yaşları ilə dinlədiyi bu hekayədən sonra sinifdəki bütün oğlanlar əsgər olmaq sevdasından vaz keçdi və həqiqətən də əsgər olmadıq heç birimiz.

21,047 total views, 52 views today

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.