“Xalqın Şairi” müsabiqəsinə görə telefonunu satan tələbə

QULU AĞSƏSƏ MƏKTUB

Salam, Qulu müəllim! Necəsiniz ? Gecə o it yuxunuza girmədi, sizi qovub-qovub zəhrinizi yarmadı ki ? Nə böyük təəssüf! Qulu müəllim, doğrudanmı, o şeirlər zəif şeirlər idi, doğrudanmı, o şeirlər sizin etimadınızı doğrultmadı ? Və doğrudanmı, məmnuniyyətlə qəbul etdiklərinizin şeirləri ilə müqayisə edə bilmədiniz o şeirləri ? Çox gülməli idi. Yəqin unutmuş deyilsiniz, “Cahandar yaxşı ola bilər, bizim bu tənbehimizdən sonra”, – dediniz. Yaxşı, bəs onda Cahandar sizin o tənbehinizdən əvvəl (birinci turda) necə yaxşı olmuşdu ? Siz məni oraya şair olmaq üçün tənbeh etməyəmi çağırmışdınız ? Əgər mən o tənbehə qədər yaxşı şair deyildimsə, niyə bunu mənə əvvəlcədən demirdiniz, Qulu müəllim ? Nə də olmasa, münasibətimiz, xatir-hörmətimiz var idi. Deməli, siz yaxşı dost olmamısınız. Tənbeh hansı tənbeh, kimlərin tənbehi ? Amaliyanınmı, Mətininmi, Babanınmı ? Bunlar şeirdən xəbərləri olmayan adamlardır, özünüz də yaxşı bilirsiniz. Sizin xəbəriniz olmalı idi axı ?! Necə olur, mənə it haqqında şeir oxumağa imkan vermirsiniz, amma digəri gəlib it haqqında boş-boş mızıldanıb keçir ? Özü də bir şeirlə… Bu hansı ədalətdir, hansı vicdandır, hansı səmimiyyətdir ? Bilirəm, deyəcəksiniz, camaat başa düşməzdi o şeiri. Bəs onda siz orada niyə oturmusunuz ?

Mənim bu İT şeirim niyə məni doğrultmadı, görəsən ? Deyəsən, Qulu müəllim, düz deyirlər, indi it yiyəsini tanımır.

Siz o iti daş-qalaq edib qovdunuz, nəticədə, oğrular hamısı girdilər…

Kiminsə xoşuna gəlmək üçün şeir yazmıram mən. Seçim də etmirəm. Lakin şeirin mövzusunun heç bir aidiyyatının olmadığını da siz yaxşı bilirsiniz, bilirəm… Nəsə, belə lazım idi, belə də etdiniz.

Mən kəsilməyə görə heyfslənmirəm. Sadəcə, ədalətsizliyə, insafsızlığa yanıram. Heç olmasa, qəbul etdiklərinizin əksəriyyətinin bir dənə o şeirlər kimi şeiri olsaydı, yanmazdım. Mən sizin səmimiyyətinizə və sözə doğru qiymət verəcəyinizə inanırdım. Bu cür qiymətləndirmə ilə siz – münsiflər şeirləri yox, özlərini qiymətləndirirlər. Layiqli yer tutmaq lazımdır!

Senariniz sürprizlərlə doludur… Və bu senarinin adı da düzgün qoyulmayıb: “Xalqın Şairi” yox, “Münsiflərin Şairi” olmalı idi.

Yenə deyirəm, mənim nə ev iddiam var idi, nə də iddia etmirəm ki, mən əjdaha şairəm… Amma haqsızlıq məhv etdi məni. Mənim üçün nə o layihənin, nə o münsiflərin, nə poeizyanın səmimiyyəti yoxdur artıq. Və əgər mən ömrümü hələ şair olmağa sərf etməliyəmsə, rədd olsun o şairlik də, şeir də, ədəbiyyat da… Hələ şair deyiləmsə (sizə görə belədir), nə gözəl! Yaxşı ki, heç olmamışam da. Yəqin olsaydım, mən də qeyri-səmimi, ədalətsiz və vicdansız olardım. Şükür!

Bir də, Qulu müəllim, məni ən çox bilirsiniz, nə yandırdı ? Mən ilin-günün bu vaxtında; tələbəçilik, pulsuzluq və s. Mənim Bakıya gəlməyə pulum yox idi. Telefonumu satıb, yol pulu etdim. Hansı ki, o telefonu almaq üçün bu tələbə canımı nələrdən məhrum etmişdim. (Bunu heç vaxt unutmayacam və bağışlamayacam!)

Ona görə satdım ki, gəldim ki, mən sizin və layihənin ciddiliyinə, ədalətinə inanırdım. Çox heyif, çox! Amma hesab bərabərdir: Mən telefonumu, siz isə səmimiyyətinizi itirdiniz!

Sizə deyəcək söz və suallarım çoxdur, amma bilirəm ki, yenə də özünüzü haqlı çıxarmağa çalışacaqsınız. Ancaq onu da bilirəm ki, vicdanınız da sizi rahat buraxmayacaq, ona görə də mən çox narahat etmək istəmirəm.

Və mən burada poeziyanın poezindən düşürəm. Sizə yaxşı yol və uğurlar! Siz oyunlarınıza, mən isə işimin-gücümün dalıyca.

4,191 total views, 2 views today