HİDAYƏT SƏFƏRLİ şeirləri

QOCALIR

Əbədi nə var ki, fani dünyada,
Bulağın suyu da axır,qocalır.
Yağışı gətirən buluddan öncə,
Şimşəyin özü də çaxır, qocalır.

Gözəldi dağların güllü yamacı,
Odur dərdlilərin dərdə əlacı.
Olsa da məhəbbət, gözəllik acı,
Göz də gözlüyünü taxır, qocalır.

Dağların bağlanıb bəndi, bərəsi,
Kəsib tütək səsi, qaçaq nərəsi.
Yox olub kəkliyi, ötmür fərəsi,
Gəzir qoyun-quzu, naxır, qocalır.

Nə vaxtdı çadırdı başlarda çətir,
Təndirə gərək yox, bişirsən fətir.
Kimsədən heç ummaz təmənna, xətir,
Günəş də yandırır, yaxır, qocalır.

Tutubdu yurdunu amansız yağı,
Dəyib sinəsinə həsrətin dağı.
Hidayət çoxaldıb saçında ağı,
Gözləri yol çəkir, baxır, qocalır.

A QEYDİMƏ QALANIM

Sənsən arzu, istəyim,
Hər bir işdə dəstəyim.
Könlüm istər səsləyim;
Gəl, başına dolanım,
A qeydimə qalanım.

Bükülməyən biləyim,
Ömür boyu gərəyim.
Sən eşq pərim-mələyim;
Olmaz sözdə yalanım,
A qeydimə qalanım.

Gözümdə var yaş bu gün,
Dərd gəzdirir baş bu gün.
Orda olam kaş bu gün;
Hanı küçəm, dalanım,
A qeydimə qalanım.

Deyirsən qəm eləmə,
Əyilmə dərd-ələmə.
Söykənmişəm qələmə;
Söz ömrünə calanım,
A qeydimə qalanım.

Ömür ötür təlaşda,
Gecə-gündüz savaşda.
Gözləyən var o başda;
Yola körpü salanım,
A qeydimə qalanım.

Hidayətəm, qəlb dolu,
Eşq yolu bir haqq yolu.
Söz uzandı, aç qolu;
Məni məndən alanım,
A qeydimə qalanım.

QORXMURAM

Dolandı dağ-daşı gəzdi,
Yal-yamacda qarı əzdi.
İz düşməsə əriməzdi,
Tuş etdi yol buza məni.

Əsli deyib yandı Kərəm,
Eşq nə imiş qandı Kərəm.
Etsin deyə Tanrı kərəm,
Tel eyləyin saza məni.

Dağ-dərəsi, düzü gözəl,
Yaş içində yüzü gözəl,
Bu dünyanın özü gözəl,
Öyrədibdi aza məni.

Dünya yolçu, yol üstündə,
Güc biləkdə,qol üstündə.
Güllər şahı kol üstündə,
Saxla deyir yaza məni.

Hidayətəm-mərdindən mən,
Zər istədim nərdindən mən.
Qorxmuram ki, dərdindən mən,
Dünya qoyub duza məni.

3,817 total views, 2 views today