Xəlil Adıgözəlin “bəyənilməyən” şeiri

ÜTÜLƏ ALNININ QIRIŞLARINI.

Bu dərdin boyunu necə ölçmüsən?
Sən ki dərd çəkməyin tərsi deyilsən.
Bu donu əyninə necə biçmisən?
Sən axı tikişçi, dərzi deyilsən.

Üskük barmağına dar gəlmədimi?
Dünyada hər şeyin kiçilən vaxtı.
Gözlədin, gözlədin, yar gəlmədimi?
Ağ sap, qara sapdan seçilən vaxtı.

Bu don sənin deyil, kimindir, kimin?
Astarı bir yanda, üzü bir yanda.
Əlin əsmədimi adi sap kimi,
Uzun saçlarını qayçılayanda…?!

Qəlbinə qar yağıb, qara iz düşüb,
Ax, nəyi tikmisən nəyin yerinə?
Rəngarəng saplardan qara iz düşüb,
Çatma qaşlarının düyün yerinə.

Axı naxışın da gətirmir! Sapı
keçirə bilmirsən iynədən, nədir?!
Hələ də bilmirsən, iynələdiyin,
Parça ürəyini göynədən nədir!

Unudub əvvəli, unudub sonu,
Namusun gözünə ar calamısan.
Geyməklə əyninə o parça donu,
Əslində özünü parçalamısan.

O açıq yaxanı düymələ barı:
İtilə alnının qırışlarını.
Götür ismətinlə yaranı sarı,
Ütülə alnının qırışlarını…

3,670 total views, 2 views today