EŞŞƏK VƏ ZƏFƏRAN- Aygün Sadiq Münsiflərin düşündüyünü yazdı.

Eşşək və zəfəran

Fəlsəfə qanmıram, öyrəşməmişəm,
Nə olar, şeiri sadə yaz, şair.
Nə olsun hələ də bilinmir peşəm?
Cavanlar qocanı danlamaz, şair.

Girmir boş təpəmə oxuduqların,
Yetər! Çıxışını kəsirik yarı.
Rahatsız edirsən uyuyanları,
Səsinin tonunu al bir az, şair.

Səndən şair çıxmaz, get, işinə bax,
Səhərdən üzümə olmaqdasan ağ!
Oğlum yaşda olan dünənki uşaq
Bizə irad tutur (Utanmaz şair!) !

Gəl bizi bezdirmə etirazınla,
Ciddiyə almısan oyunu bunla.
Mən bura məzəyə qoyuldum, anla!
İstəsən götürüb çalım saz, şair.

Dinməzcə oxu, get. Oyunu pozma,
Qoy bir az səyləyək, Ciddiyə yozma.
Yaza da bilmirsən, ay uşaq,
Yazma!
Çıx!
Gəlsin nazənin, xoş avaz şair* .

Könlüm xəstəsidir həmin afətin,
Kaş gələ, seyr edəm qəddi-qamətin,
Hətərən-pətərən edə söhbətin,
Ruhum pərvazlana, ola saz şair.

Ah, yenə özlədim ötən əyyamı* ,
Bilsələr, üzümə tüpürər hamı.
Evdəki* eşitsə bu macəramı,
Endirər başıma xəkəndaz, şair!

O “şeir” dediyin nəmənə şeydir?
Tamam fəlsəfədir, ya da gileydir…
Mənim boş kəlləmə bunlar ögeydir-
Eşşək zəfərandan anlamaz, şair!

10,170 total views, 74 views today

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.