AZADLIQ- Qan gəzmirəm, gəzirəm haqq- Rauf Qərib Alagöz

Bəhs etdiyin azadlığın tərifi nə, qayəsi nə?
Amalı nə?
Kitabı nə?
Surasi nə?
Ayəsi nə?

Başımızın üstündəki dalğalanan bayraqmıdır
hey “azadlıq” dediyin şey?
Ehey xalqım, eheyy, ehey.

Boynundakı zəncirləri qırmamışdan nə azadlıq?
Haqq gülləsin zəncirləri tutanların ürəyinə
vurmamışdan nə azadlıq?

Yer üzündə bir torpağa sancılan şey deyil bayraq.
Əlini qoy lal sinənə,
Səssizcə dur
Yetir qulaq.

Vicdanlara sancılmalı dünyada ən uca bayraq.
Bu dünyanın damarında
Qan gəzmirəm, gəzirəm haqq.

Ehey xalqım, ehey, ehey.
Bil ki, haqla gələcəkdir
O “azadlıq” dediyin şey.

Onun üçün haqqı axtar.
Çünki haqda azadlıq var.

183,369 total views, 15 views today