Ədalət İzzətoğlu şeirləri…

ODLAR YURDUM AZƏRBAYCAN GÖZƏL¬Dİ

Ay həzarat, sizə deyim sözümü,
Bu dünyanın hər tərəfi gözəldi.
Adamların həyatdakı dözümü,
Həyatında sevinc günü gözəldi.

Həsrət cəkən intizarlı günlərin,
Müjdə dolu, bu həyatda illərin.
Odlar yurdu vətənimdə dillərin,
Ən gözəli, ana dilim gözəldi.

Ulu dillər tarixi olan bu dilin,
Qəhramanlar yetirdiyi bu elin.
Şah İsmayıltək sərkərdəmizin,
Vətən hissi, torpaq hissi gözəldi.

Anaların, bala hissi özəldi,
Atanın da məhəbbəti gözəldi.
Nənə, baba sevgisi də gözəldi,
Yaşamaq da maraqlıdı gözəldi.

Uşaqların iməkləyib, aşdığı,
Addımlayan ilk addımı gözəldi.
Qocalaraq saçın başda ağlığı,
Qürur verən qocalığı gözəldi.

Bu dünyanın hər qarışı sevgidi,
Sevgi bizə ulu Tanrı bəxşidi.
Sevgi özü dünyamızın nəqşidi,
Bu dünyanın sevgisi də gözəldi.

Ədalət, yazdıqların bir qəzəldi,
Yurdsuz qalan ürəyin də xəzəldi.
Salıb bəndə yazmısansa əzəldi,
Odlar yurdum Azərbaycan gözəldi.

İÇİMİZDƏ VƏTƏN ADLI YARA GƏZİR

Ömrümüzdən güllə kimi illər keçir,
Hər tərəfdə artıq sükut, artıq səbir.
Hamı yatır, hamı durur, hamı gəzir,
İçimizdə VƏTƏN dərdli yara gəzir.

Milyonlarımız qaçqın olub, ay Vətən,
İgidlər şəhid, əlil olub, ay Vətən,
Neçə insan əsir olub ay Vətən,
İçimizdə VƏTƏN adlı yara gəzir.

Şəhidlərim döyüşüb qazanıbdı ad,
Ana-bacılarımız qoparıb fəryad.
Müharibə gedir, verməyək başqa ad,
İçimizdə VƏTƏN adlı yara gəzir.

Ədalətəm, ümidlərim darma-dağın,
Yağı düşmənlər hücum edir oyanın.
İmkan verməyək namərdlərə torpağın,
Bircə qarışın ala gedə VƏTƏNİN.

ŞƏHİDLƏRİ UNUTMAYAQ VƏTƏNDƏ

Övladların qurban getdi, ay Vətən,
İgidlərin Şəhid oldu Vətəndə.
Ürəklərdə sevgi, sənə sədaqət,
Canlarını fəda etdi Vətəndə.

Aşdı, coşdu, hamı bizim Vətəndə,
Müstəqillik xoşdu bizim Vətəndə,
Ürəklərdə sevgi daşdı Vətəndə,
Şəhidlərim başdı bizim Vətəndə.

İgidlərin pərən-pərən Vətəndə,
Toy büsatı yarımçıqdı Vətəndə,
Qız, gəlinin gözü yaşlı Vətəndə,
Şəhidin məzarı yaşdı Vətəndə.

Şəhidlərə hörmət vardır Vətəndə,
Şəhidlərə güllər səpin Vətəndə.
Məzarları müqəddəsdir onların,
Şəhidləri unutmayaq Vətəndə.

Şəhidlərin qanı batmaz Vətəndə,
Vətən yurdu işğaldadır, Vətəndə,
Şəhidlərin hörməti var Vətəndə,
Bayrağımız dalğalasın Vətəndə,
Şəhidləri unutmayaq Vətəndə.

DALĞALANSIN AZƏRBAYCAN BAYRAĞI!

Dözürəm, nə qədər dözərsə ürək,
Hicran dənizində üzən bu ürək.
Yurda dönək, hamı birgə şənlənək,
Asaq yurda Azərbaycan Bayrağın!

Yollara baxmaqdan gözüm saralıb,
Yurdsuzam, bu dünyam vallah, qaralıb.
Qarabağa gedən yollar daralıb,
Dalğalansın Azərbaycan Bayrağı!

Qalıb yurdda, laləzarlı torpağı,
Bizsiz solub ağacların yarpağı.
Azad edək, o yurdları, torpağı,
Sancaq yurda Azərbaycan Bayrağın!

Yurdumuzun işğaldadır torpağı,
Yurddan çıxmaq bilmir qan içən yağı.
Vuraq, əzək, qalmasın o yaltağı!
Sancaq yurda Azərbaycan Bayrağın!

Azad edək düşmənlərdən torpağı,
İrəvanı, Zəngəzuru, həm Qarabağı.
Yurda dönək, hamı igidsayağı,
Dalğalansın Azərbaycan Bayrağın!

2,273 total views, 10 views today

2 thoughts on “Ədalət İzzətoğlu şeirləri…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.