qerib.az Rauf Rəvanın yeni şeirlərini təqdim edir

………………..MƏN İTƏM……………………

Bu gün yenə yada düşdü uşaqlığım…
O zamanlar qonşuluğda biri vardı…
Yadımdadı…
Bir neçə ev aralıqda yaşayırdı.
Həm qonşunu xatırladım, həm də onun Pələngini…
Pələng onun hər halına yetirdi…
Pələng onun bəslədiyi…çətin anda harayına səslədiyi it idi…

Yadımdadı…
Bu gün kimi yadımdadı…
Onun səsi…
Vahiməli və ağrılı zəngiltisi…
Həm qorxmuşdum, həm də görmək istəyirdim Pələngi…
Getdim gördüm…
Onu qoyun tövləsində boğazından bağlamışdı yiyəsi…
Bərk döymüşdü, əzilmişdi ağzı, burnu…qanamışdı çənəsi…

Səbəbini sonra bildim…
Gecə vaxtı qoyunların səs-küyünə gələn qonşu, üz-gözündə qan görəndə düşünür ki, on beş günlük əmlik, körpə quzunu elə Pələng paçalayıb…
Cinayətdir…
Sahibinə xəyanətdir…

Üç gün sonra…zülmət gecə…Elə həmin qonşuluqdan güllə səsi eşidildi…
Yenə qorxdum…sandım sahib Pələngini öldürdü…
Gözlərimdən yuxu qaçdı…
Və nəhayət səhər açdı…
Getdim gördüm Pələngini qucağlayıb yiyəsi..
Uşaq kimi ağlayır, əsir ağzı, çənəsi…
— Əfv et məni, ey vəfalım…
Bilsəydim ki, o quzunu parçalayan ac qurdlarla döyüşəndə qan olmusan, boğazından bağlamazdım…
İnan səni döyməz idim…səni susuz, ac-yalavac saxlamazdım…

Mən o gündən anladım ki, itlər bizdən vəfalıdır…
Həyalıdır…
Sahibinə bir dost kimi sədaqətli…
Öz düşməni qarşısında şücaətli…
Səndən yaxşı…məndən yaxşı günahlardan aralıdır…
Onun qəlbi günahlara qaralıdı…

Qərar verdim…
Pələng kimi bir it olmaq istəyirəm…
Car çəkirəm, qətiyyətlə söyləyirəm…
Ey insanlar, MƏN…İTƏM…!!!

………………..GEDƏN GƏLSİN…………………..

Bu gecə küsdürdüm “mən”i özümdən,
Onu axtarmağa gedirəm indi.
Soruşdum ömrümə gəlib gedəndən,
Səni sorğu-sual edirəm indi.

Hər şeydən, hər kəsdən şübhələnirəm,
Bəlkə də “mən” qaçıb səndə gizlənib.
“Mən”i tapmaq üçün göz dilənirəm,
Yoxsa ki, “mən” elə məndə gizlənib.

Hər kəsin özündə bir “mən”i vardır,
Gedir ki, sahibi yolun gözləsin.
Kimin “mən”i itib, ondan uzaqdır,
“Mən”ini axtaran mənimlə gəlsin.

……..KEÇMİŞDƏN GƏLƏN İŞIQ………..

Bu dünyada yanıb sönən işıqlar, ya tərsinə sönüb yanan işıqlar hərəsi bir səbəbdəndir…
İşıq var ki, ağ dünyada qara rəngdə doğulub..
İşıq da var, nurdan düşüb qara rəngə boğulub…

İşıq gələn tərəfə get – deyərdilər babalar…
Keçmişlərdə bardaş qurub, gələcəyi görərdilər babalar…
Babaların göstərdiyi o qızılı parlaq işıq öz nurunu qurban verdi nəfsimizə…
Yolumuzun daş-kəsəyin təmizlədi təhlükəsiz, maniyəsiz bağışladı onu bizə…

O nur bizi ağ günlərə yetirməkçün par-par yandı, parıldadı…
Bəs biz ona yetişməkçün nələr etdik…?
Nəfsimizin hüzurunda baş əydik…Heyvan kimi cırmağlaşıb boğuşduq…
Bizi ali varlıq edən vicdanımız bir quş olub isti, xoşbəxt könüllərə uçub getdi…
Biz də onun arxasıyca əl yelləyib vidalaşdıq, sonra soyuq, sonra bədbin ürəklərə doluşduq…

Ömür boyu yolumuza rəhbər olan o nur, işıq indi də var…
O gur işıq indi də var…

Onu görən gözlər gərək…
Görən gözün gördüyünü göstərməyə ilanı öz yuvasından sürgün edən gücə sahib sözlər gərək…
O sözləri həqiqətə gülənlərin yetişməmiş kəlləsinə yeritməkçün cəsarətli üzlər gərək…
Daha nələr, kimlər gərək..?
Vaxtımız var, gəl düşünək…!!!

……….TƏBRİK ETMƏ MƏNİ QARDAŞ……….

Bayram deyib məni təbrik etmə qardaş…
Təbrikini qazamatda məhbus olan günahsıza hədiyyə ver…
Hər bayramda qismətimə düşən payı, yuvasından uzağ düşən saqqalı ağ, saçlarına dən oturmuş qara günlü sabahsıza hədiyyə ver…

Təbrik etmə məni qardaş…
Utanıram isti ana qucağına həsrət qalan yetimlərin göz yaşından…
Təbrik etmə məni qardaş…
Utanıram vətənimin yad ayağlar altındakı haray çəkən torpağından, daşından…

Süfrəsinə quru çörək gətirəndə bayram edən soydaşımı təbrik elə…
Sənə görə, mənə görə əllərindən, gözlərindən ayrı düşən qardaşımı təbrik elə…
Əsirlikdə qız-gəlinin ləkələnmiş namusunu yada salıb xəcalətdən yerə baxan boş başımı təbrik elə…

Təbrik etmə məni qardaş…
Bayramların dadı itib mənimçün…
Sevinərəm hər doğan gün, bayram olsun səninçün…
Təbrik etmə məni qardaş…
Bayramların adı itib mənimçün…!!!

6,072 total views, 20 views today

5 thoughts on “qerib.az Rauf Rəvanın yeni şeirlərini təqdim edir”

  1. Thanks for another informative web site. Where else could I get that kind of info written in such an ideal method? I’ve a project that I am just now operating on, and I have been on the look out for such info.

  2. I loved as much as you will receive carried out right here. The sketch is attractive, your authored subject matter stylish. nonetheless, you command get bought an edginess over that you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly the same nearly a lot often inside case you shield this hike.

  3. I do trust all of the ideas you have presented in your post. They’re really convincing and can definitely work. Nonetheless, the posts are too brief for novices. Could you please lengthen them a little from next time? Thank you for the post.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.