Elmarın ağrıları

BİLMƏZSƏN, ADAM

Sən məni anlaya bilməzsən Adam,
Bilməzsən doğmayam, ya sənə yadam!
Qohumam, yaxınam, yoxsa uzağam
Kimin yanındayam, indi hardayam,
Kim ilə düşmənəm, kim ilə yaram!
Bilməzsən yüngüldür, ağırdır yaram,
Bilməzsən incidir, ya buna şadam,
Biməzsən ölmüşəm, yoxsa ki varam,
Sən məni bilməzsən, bilməzsən Adam!

Məni bilmək üçün, hissmi var səndə
Məni görmək üçün, gözmü var səndə
Mənə demək üçün sözmü var səndə
Sən məni bilməzsən, bilməzsən Adam!

Mən sənlə yaşadım mələk ömrümü
Əsib yelə verdim külək ömrümü
Əcəltək haqladı fələk, ömrümü
Dedi ürəyində bircə arzu tut,
Sənə qurban dedim dilək ömrümü
Sən məni bilməzsən, bilməzsən Adam!

Bilməzsən buludam dağına həsrət,
Bilməzsən çırağam yağına həsrət
Bilməzsən o gülən çağına həsrət
Qalmışam sən məni bilməzsən Adam

Bir dərin quyuyam, daha suyum yox
Bir axar bulağam, sağım solum yox
Mənim əvvəlim yox, mənim sonum yox
Sən məni bilməzsən, bilməzsən, Adam!

Daha zaman keçib, nə mənası var,
Sənsiz keçən ömür, nəyimə yarar
Səndən getməyimə vermişəm qərar
Sən bunu bilməzsən, bilməzsən Adam

Sən elə sanarsan, bu yolçu durar,
Daha gedər oldum, açıldı yollar
Gözlərin yollarda məni axtarar…
Bağışla, ürəyin, indi mənə dar,
Mən böyük adamam, bilməzsən, Adam!
Sən məni bilməzsən, bilməzsən, Adam!

MƏNİM AĞRILARIM

Mənim ağrılarım yaman ağırdı
Qatara yükləsən qatar da çəkməz…
Bu yüngül dünyanın dərdinə bir bax,
Qəlbimə bir sevinc toxumu əkməz…

Nə “əzab çəkməyə” bircə rəssamı,
Nə dəstə çəkməyə durna qatarı
Gözüm “yol çəkməyə”, bircə adamı –
Tanrı nəzərində saxlaya bilməz!

Güldürmək istəyən, gülləri dərər
Ağladar, güllərin qəlbinə dəyər
Yarı incidəndən Yaradan əyər
Biçarə dərdimə bir çarə gəlməz!

Ağrılar birləşdi, ağlatdı məni
Ağrılar böyütdü, qocaltdı məni,
Sevinc yoxa çıxdı unutdu məni
Ağrısız adamlar dərdimi bilməz!

SƏN ELƏ BİLİRDİN?

Sən elə bilirdin gedəndən sonra
Yer göy ağlayacaq, dünya duracaq.
Səni sevənlərin sənlə qurduğu
Xəyal aləmi də bir puç olacaq!

Elə bilirdin ki, sənsiz yaşamaq
Səni sevənlərə zülüm olacaq?
Sən elə bilirdin sən olmayanda
Sənlə danışanlar sənsiz susacaq!

Sən bunu bilmədin sənin getməyin
Səni sevənlərə kədər gətirdi
Bir azca üzüntü bir azca həsrət
Bir az da göz yaşı, qəhər gətirdi…

Öncə ağladılar, yas saxladılar
Bir az danışdılar, bir az susdular
Sonra xatirələr qonağı oldun
Bunu qəbul edib, tez unutdular.

Sən bunu bilmədən getmək istədin
Getdin, dəyişmədi dünyada heç nə…
Sənsiz bu dünyada bircə nəfərin
Sevgisi məhv oldu, başqa da heç nə!

TƏK SƏNİ, XOŞBƏXT ADAM

Bir azca sevgi ver mənə
Bir az da üstündə ümid
İndi hər kəs atıb məni
Sən də qapıma vur kilid

Onsuz da həmin qapıdan
Nə girən var, nə də çıxan,
Körpəlikdən yetiməm
Kimdi məni axtaran!

Sən gedəndən kor qalmışam
Günəşin işığı sönüb,
Eh, bu korlar nə bilsin ki,
Ay da yasa bürünüb…

Sevgini yellər apardı
Sevinc gəzdim qapı-qapı
Kədəri qovmaq istədim,
Açmadın üzümə qapı!

Dərdindən yatağa düşdüm,
Yataq da usandı məndən!
Səni dərman deməyib,
İncimişəm həkimdən!

Hamı mənə xəstə deyir,
Hamının gözündə koram!
Günəş, səni görməyiblər
Bilmirlər ağırdı yaram!

Eh, daha səbrim tükənib,
İndi doğmalara yadam!
Tək səni istəyirəm,
Tək səni, xoşbəxt adam!

SƏNİ GEYMİŞƏM ƏYNİMƏ…

Səni geymişəm əynimə
Ruhun dolub bədənimə
Qız, sən necə dözürsən?
Bu cansız cəsədimə!

Daha soyuq da üşütmür
Bədənim od tutub yanır
Nə istidir dərin sənin
Cansız cəsədi ayıldır!

Niyə əl çəkmirsən axı,
Bu ölünü basdırmırsan?
Ölübdü dirilən deyil,
Ürəyinə daşımısan!

Apar gərəksiz ruhunu
Odda yandır şişə tut
Əzablarına qıymazsan
At ürəyindən, unut

Çalış ki, sil xatirəsin,
Nəyə lazım, ölü adam
Gözlərinə dəfn etmisən,
Çıxarma ki, yaşayam!

XƏBƏRİMİZ YOX!

Sən demə bu gənclik bahar deyilmiş,
Dumanlı payızmış xəbərmiz yox!
Yaşlı bir qocanın düzüb-qoşduğu,
Quruca yalanmış xəbərimiz yox!

Gənclik ömrümüzə qədəm qoyanda,
Uçduq arzuların qanadlarında.
Uçduq, elə bildik günəş doğacaq,
Göylər duman imiş, xəbərimiz yox

Gözəl bir gələcək vəd etsin, deyə –
Zamanı keçirdik yağışda, qarda,
Gün gəldi, anladıq geri dönəndə,
Şaxtalı qış imiş xəbərimiz yox!

Qar yağdı, gəncliyin izin itirdi,
Yaz gəldi, dərdləri gül tək bitirdi
Ağaran saçlar da müjdə gətirdi
Gənclik getmiş imiş, xəbərimiz yox.

Sərxoşduq, ayıldıq, döndük keçmişə
Keçmiş də təəssüf gətirdi bizə
Ah çəkdik zamanın əyləncəsinə
Qocalıq dərd imiş xəbərimiz yox!

Saçımız töküldü zaman yolunda,
Belimiz büküldü yolun sonunda,
Əzrayıl gələndə mələk donunda,
Bu da bir son imiş, xəbərimiz yox!

GETDİ

Qırıldı ürəyimdən
Bir tel də belə getdi…
Mənə dözə bilmədi
Məni götürdü, getdi

Güvənmədi yadlara
Apardı uzaqlara
Tək-tənha adalara
Məni ötürdü, getdi…

Öncə açdı qəlbini
Anlatdı dəyərini
Bilmədim qiymətini
Məni itirdi, getdi…

Almadı günahları,
Düşünmədi ahları
Bağladı qapıları
Məni bitirdi getdi…

ELƏ GET Kİ…

Bu yol bura qədərdi
Nə etmək olar ki daha?!
Ayrılmaq vaxtıdı adam
Bir də geri qayıtma…

Yol ayrıcında oturaq,
Aç, süfrəyə sevgi qoyaq
Son dəfə üz-üzə duraq
Sərxoş olum, ayıltma!

Yolçuluq bir yerə qədər,
Bir gün yol da səndən bezər
Gördünmü, heç gedən dönər?
Göz yaşını axıtma!

Sevəndə elə sev ki,
Özünə elə yol seç ki,
Gedəndə də elə get ki,
Sevdiyini yanıltma!

Getməzdən öncə xəbər et,
Ayrılığı mənə pay et,
Xatirəmi də götür get,
Çalış yola dağıtma!

BAŞINI QOY ÇİYNİMƏ

Xəzərin sahilində
Bir daş üstə oturaq
Hərəmiz qəlbimizdə
Bir gözəl arzu tutaq

Başını qoy çiynimə
Saatlarla gəl susaq
Bilirəm ki, küsmüsən,
Xəyallarda danışaq…

Gəl qayıdaq keçmişə
Sevgi yığaq bir qucaq
Dənizin üzərində
Qağayılar tək uçaq…

Mən sənə qucaq açım
Əlimi çevir geri
Xəyallarda azmışam
Göstərərsənmi evi?

Yenə harda qalmısan,
Kimin yanında, fikrin?
Artıq unudub səni,
Dən axtaran göyərçin!

Dalğıclartək dalmısan
Dəniz xəyallarına!
Tək qalmaqdan yoruldum,
Məni də al yanına!

Əzizim daha bəsdir
Darıxdım arzularda
Gəl, bitsin bu ayrılıq
Gəzişək ulduzlarda!

Başını qoy çiynimə
Saatlarla danışaq –
Ən ülvi xəyallarda
Sevdiyin yerə qaçaq…

BƏLKƏ ÇIXIB GEDƏSƏN?!

Sən körüyün kürəsi
Mənsə buxar haləsi
Oldum eşqin köləsi
Bəlkə çıxıb gedəsən?!

Alovunda yanıram
Göz yaşı tək axıram
Qurtuluş axtarıram
Bəlkə çıxıb gedəsən?!

İşığımı almısan,
Özünlə aparmısan,
Gözlərimə qıymısan,
Bəlkə çıxıb gedəsən?!

Sənsiz başqa yolum yox,
Qəlbimə vurmusan ox,
Bu ürək sevgiyə tox,
Bəlkə çıxıb gedəsən?!

Varlığıma kölgə sən
Yoxluğuma kölgəsən!
Sənsizlik gətirəsən
Bəlkə çıxıb gedəsən?!

Elmar Hüseynov

3,476 total views, 13 views today

3 thoughts on “Elmarın ağrıları”

  1. hi!,I like your writing so a lot! percentage we keep up a correspondence extra approximately your post on AOL? I require an expert in this area to unravel my problem. Maybe that’s you! Looking forward to peer you.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.