Habil RzaNur şeirləri

O gün görürəm ki,

Bir şinşila bir adamın cızılmış dərisini sarıyır.

Adam da utanır…

O gün görürəm ki,

Yetimlər evi boş qaldığından zarıyır.

O gün görürəm ki,

Qızılgül kolları qəfildən insanlara atəş açıb,

Adamlar qəlpə-qəlpə ləçəklərə boyanıb.

O gün görürəm ki,

insanlıq insanlardan tez oyanıb.

Bütün savaşlar dayanıb.

O gün görürəm ki,

Atom “yox, parçalanmıram”, – deyir!

O gün görürəm ki,

Mərmi “lülədən ayrılmıram” deyə üsyan edir.

O gün görürəm ki,

Neft quyularından ağ göyərçinlər çıxır.

Hərəsi dimdiyində bir düyü Afrikaya uçur.

O gün görürəm ki,

Bir budda müsəlman uşaqlara “uşaq bişirib yeyən” divin nağılını danışır.

Onları qorxutmamağa çalışır.

O gün görürəm ki,

Uşaqlar tarix dərsində

səngərdən-səngərə atılan ilk “sülh mesajı”nı müzakirə edir.

O gün görürəm ki,

Bir terrorçu insanların sıx olduğu meydanda, ilk yeni il fişəngini havaya uçurur.

O gün görürəm ki,

Hitlerin gizlədilmiş büstü

47 milyon parçaya bölünüb dünyadan üzr istəyir.

O gün görürəm ki,

Tankların üstünə “AMBULANS” yazılıb.

O gün görürəm ki,

Sonuncu şəhid məzarı qazılıb.

O gün görürəm ki,

Xəritələrdə sərhədlər silinib.

O gün görürəm ki,

Müəllim yeni ev tapşırığı verib:

Səhifə 2017, tapşırıq –

“Tanrı necə 7 milyarda bölünüb?..”

****

Gülüşlər uşaqların,

Dualar, anaların dilində müqəddəsləşir.

Ən uzun yollar atanın alnındakı qırışlarla kəsişir.

Ən bahalı ərzaqı kasıblar alır,

Ən zəngin mineral göz yaşı olur.

Ən əlverişsiz alver,

doğulanda aldığın nəfəsi, öləndə geri vermək.

Ən dadlı nemət, sədaqət ağacından bir öpüş dərmək.

Ən böyük günah peşmanlıq,

Ən zərərli dostluq düşmanlıqdı.

Ən ağrılı ayrılıq güllənin lüləni tərk etməyi,

Ən pis təkamül, insanların bunu dərk etməyi.

Ən güvənilir dayaq, bir qocanın əsası,

“Uzun sözün qısası”

Ən dəhşətli ixtira, abort masası…

Suriyadan məktub!

****

Salam şair əmi…

Bağışla ki, sənə atəşli salam yollaya bilmirəm.

Bütün atəşlər burda məşğuldu.

Düzü mən də çox məşğulam…

Bacım kuklasının qolunu itirib, ağlayır,

…sakitləşdirə bilmirəm

Hələ öz ayaqından xəbəri yoxdu,

onuda biraz olar itirib.

Demişəm pişik aparıb.

Mənə çöyərin ətrini yollaya bilmərsiz?

Darıxmışam.

Əlli nağıl bunnan qabaq, anamı da dəmir leyləklər apardı,

ondan da çörək ətri gəlirdi.

Atamı axırıncı dəfə görəndə öz saqqalının içində yoxa çıxdı.

Bir də sizdə yağışlar var deyirlər

qurğuşunsuz yağışlar…

Suyundan barıt iyi gəlməyən yağışları deyirəm,

Varsa ondan da yollayarsız

Yox yox özümçün demirəm….bacım istəyir…

Mən kişiyəm! Qorxmuram!

Sizin Cırtdana da deyin ki, burdakı divlər 60 ton ağırlığındadı.

Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır…

Səsləridə qəribədi,

elə bil Cənnətlə Cəhənnəm bir birinə çığırır!

Hə bir də ki, burda güllələr də çox ədəblidi böyüklü, kiçikli, kimi görsələr görüşürlər.

Nə isə şair əmi…

Sən tanrı ilə danışa bilirsən deyirlər.

Ona deyə bilərsən bacımın ayaqını qaytarıb versin?

Özüm güclə ayaqda dayanmışam,

Artıq bacımı qollarımda tuta bilmirəm…

Minnət kimi çıxmasın

səhər Azan səsinə oyanmışam.

axşamdı, bomba səsindən yata bilmirəm!

Cavab gözləyirəm…

****

Köçəsən dağlara, dağ, quca səni.

Təzəkdən, yarımçıq hasarın ola.

Səndəki “dağı” da verəsən dağa.

Nə dərdin, nədə ki,azarın ola.

Bir daxman ola kaş, damsa da olar.

Daxmanın yanında dumduru bulaq.

Beş altı qoyunun, bir kəhər atın,

Deyəsən dağlara di gəl dost olaq.

Sübh tezdən gedəsən otlağa tərəf.

Nə zəngin adamsan, qoyun quzun var.

Axşam da qayıdıb görəsən, Allah,

Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açılar saf saf güləsən,

Balaca qızına dil çıxardasan.

Sonra uşaqların anası üçün,

Cibindən gizlincə gül çıxardasan.

O anda ilk görüş yadına düşə…

Hürkərdin bir fərə kəklik səsinə.

İlk o gün soyuqdan üşüməmişdin,

İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz.

Bu gün də sabahçün elə, nağıldı.

Birdən, səksənəsən uşaq səsinə,

Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar.

Ax…bunlar nağılsız çətin susacaq.

Yatın gül balalar, yuxunuz şirin.

Atanız, sizə bir şeir yazacaq!

****

Çölünə baxırsan, adam kimidi.

Bunun adamlığı içindən ölür.

Çoxları o qədər pintiləşib ki,

Zibil qabları da aclıqndan ölür!

Ax…niyə qurumur sənin nəfəsin!

Aldığın bu nəfəs özündən ağır.

Evində külqabı doyduran kəsin,

Anası küçədən zirzibil yığır!

Bunları görəndə ürəyim donur.

Bəs necə doğranıb tikələnməsin?!

Adam var, tüpürcək olanda udur.

Deyir ki, bu torpaq ləkələnməsin.

Hər yanı kirləmə, torpağa küsmə.

Ay adam balası, bir, başa düş də…

Sən yerə zirzibil tökürsən deyə,

Bir ana bir saat yubanır işdə.

Görüm ləkə düşsün sənin üstünə!

Bu torpaq çəkəni çəkəsən, adam!

Kirlə bu torpağı, kirlə bu yurdu.

Sən özün torpağa ləkəsən adam!

****

Hanı İrafilin Suru…!?

Xocalıda çalınmadı.

Suriyada çalınmadı.

Myammarda çalınmaz ki,

Bele, işin alınmaz ki,

axı hardasan?

Çıx görüm!

Yenə bir dağı parçala…

Yenə bir dağı yıx görüm!

Çıx ortaya bir bəri bax!

Saxla bu yer kürəsini…

Heç olmasa ötəri bax,

Gör insan mənzərəsini…

Eşitmişdim Allahsızsan,

Bildim ki, Allahın yoxdu!

Sən ki, ah çəkə bilmirsən,

Elə böyük dağın yoxdu.

Məkanın yox!

Zamanın yox!

Solun yoxdu… sağın yoxdu….

İlahi…göstər özünü,

Necə başa salım sənə?

Ehh…

sənin ki, uşaqın yoxdu…

Duyursanmı yanan uşaq qoxusunu?

Duyursanmı uşaq doğan anaların qorxusunu?

Niyə izn verdin axı..

Niyə o körpələr yanır?

Niyə axı mən yanmıram?!

İnan…!

Mən səni danmıram.

Gördüyənə inan deyə yaranışdan dərs keçmisən.

Necə danım gördüyümü,

necə deyim inanmıram?

İnanıram varlığına!

İnanmıram

lallığına,

korluğuna

karlığına…

Bir “əsa” lütf eylə bizə.

Bir Musa göndər yenidən.

Böl dənizləri ikiyə.

Bu dünyaya barış göndər!

Bir də, ağlasan incimə,

Üzünü cevir Cənuba,

Afrikaya yağış göndər…

8,223 total views, 16 views today

7 thoughts on “Habil RzaNur şeirləri”

  1. Wow! This could be one particular of the most useful blogs We have ever arrive across on this subject. Basically Excellent. I am also a specialist in this topic therefore I can understand your hard work.

  2. We’re a gaggle of volunteers and starting a new scheme in our community. Your site provided us with useful info to work on. You have performed an impressive task and our whole community will probably be grateful to you.

  3. I precisely wanted to say thanks again. I am not sure what I would have worked on in the absence of the type of methods shared by you on this concern. It has been the daunting concern in my position, however , looking at the specialized tactic you handled that took me to cry for happiness. Extremely happier for your support and as well , hope that you really know what a great job your are accomplishing training most people thru your web blog. I am certain you have never come across any of us.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.