Mənsur Həsənzadə – “Bayramın mübarək, şair”, ” Nə cik düşür, nə bik bizə”

Dedin ki, “Bayramın mübarək, şair”,
Eh, gecə ötüşər, yenə dan gələr…
Şeirlər yazsa da bayrama dair,
Bayramlar şairin burnundan gələr.

Başımız qarışıb şeir yazmağa,
Bizim yazımız da belə yazılıb!
Tanrı qıymayıbdı xeyir yazmağa,
Şər bu məmləkətə, elə yazılıb!

Şeytan nəfəsi var şəhərdə, kənddə…
Haqqın ayağından neçə şər çəkir,
Bəlası bol olan bu məmləkətdə-
Dərdin yarısını şairlər çəkir!

” El gücü, sel gücü” deyib babalar,
Hanı güc, dəyanət “selin” içində?
Bəlkə haqqımızı yeyib babalar,
Biz də haqq gəzirik elin içində!

Nə isə…deməklə deyil bitəsi,
Dərdimiz bir deyil, iki deyil ki…
Yığılsa dünyanın altı qitəsi,
Çəkəmməz Qarabağ yükünü, bil ki!!!

Sevinci günbə-gün solan şairin-
Əzabı, bəlası, dərdi tək olmur,
Torpağı işğalda olan şairin-
Bayramı heç zaman mübarək olmur!

” Vətən, başın sağ olsun”

Şirin dilə güc verib, başını çox qatdılar,
Az zaman kəsiyində çox məqsədə çatdılar.
Ayağından asdılar, barmağını kəsdilər,
Kipriyini yoldular, gözünü çıxartdılar…
Vətən, qaşın sağ olsun!

Başın yaman qarışdı, papağını satdılar,
Bu dağını pay verib, o dağını satdılar,
Azadlığın göz açıb, hələ ayaq tutmamış-
Əl altından əl sıxıb torpağını satdılar…
Vətən, daşın sağ olsun!

Donnan dona girənlər biçdi məsləhətli don,
Bizə noolur, haqq olur, nə əvvəldi, nə də son.
Sənin yaralı yerin kimə maraqlıdır ki?…
Ən ümdə arzumuzdur kürsü, qələm, mikrafon…
“Vətəndaşın” sağ olsun!

Çox da özün gözəlsən, taleyin üz qarası,
Bu gedişlə sağalmaz ürəyinin yarası,
Sən ki, yaxşı bilirsən, taa əzəldən yaxşıdır-
Bu millətin, bu xalqın ağlamaqnan arası…
Vətən, “yaşın” sağ olsun!

Ürəyi yandı yazdı, Mənsur da nə yazdısa,
Vətən, xətrin istəsə, yenə yazım, azdısa…
Balıq başdan iylənər, babal yuyar ” ayaqlar”,
Başda oturanların ayağını qazdısa…
Vətən, başın sağ olsun!!!

” Nə cik düşür, nə bik bizə”

Göyü sevdik, alçalaraq hey “ucaldıq”,
Yeri sevdik, yerimizdə sayıb qaldıq,
Haqqı sevdik, bayraq tutub, çəpik çaldıq,
Yaman baha başa gəldi çəpik bizə.

Can qalmadı işləməkdən, hərəkətdən,
Baş- başadır atam, babam qəmlə kənddə,
Altı qızıl, üstü qızıl məmləkətdə-
Halal yolla gəlib çatmır qəpik bizə.

Biz əməldə üz qarası, əl kiriyik,
Ancaq sözdə ərən kimi, ər kimiyik,
Dözümlüyük, meydanlarda bərkiyirik,
Vurulduqca şillə, yumruq, təpik bizə.

Müəmmalı, sirr oyunda bizdə varıq,
Timsah, Ayı, Şir- oyunda biz də varıq,
“Cik- bik” adlı bir oyunda biz də varıq,
Qəribədir, nə ” cik” düşür, nə ” bik” bizə.

7,892 total views, 10 views today

5 thoughts on “Mənsur Həsənzadə – “Bayramın mübarək, şair”, ” Nə cik düşür, nə bik bizə””

  1. Excellent beat ! I would like to apprentice while you amend your site, how could i subscribe for a blog web site? The account helped me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast provided bright clear concept

  2. Heya i am for the first time here. I came across this board and I find It truly useful & it helped me out much. I hope to give something back and aid others like you helped me.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.