Aşıq Şəmşir yadigarı: Qənbər Şəmşiroğlu

Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna rolu olmuş Aşıq Şəmşir haqqında günlərcə danışsaq, azdır. Demək olar ki, hər kəs Aşıq Şəmşir haqqında kifayət qədər məlumata və bilgiyə sahibdir. Aşıq Şəmşirə olan sevgi tarix boyu yaşayacaq.
Mənim bu dəfə sizlərə söhbət açacağım şəxs Aşıq Şəmşir yadigarı Qənbər Şəmşiroğlu olacaq.
Dəyərli ziyalımız haqqında qısa məlumatdan sonra onun şeirlərini də sizlərə təqdim edəcəyəm.

Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

1992-ci ilin aprel ayında erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndini dağıtmış, nəticədə ziyalımızın qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə 14 nəfər yaxın qohumları vəhşicəsinə qətlə yetirilmişdir.
Qənbər müəllim 1992-ci ilin mart ayında ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıçısı olmuşdur. Vətənpərvər ziyalımız Qənbər müəllim dəfələrlə döyüşçülər arasında olmuş, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməmişdir.
Qənbər müəllimin özü ilə bərabər yaxınları, doğmaları da – iki oğlu Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak edib, hazırda onlar müharibə vetranıdılar. Azərbaycan Respublikasının Milli Qəhramanlarından iki nəfəri Şükürov Şahlar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu ağsaqqal ziyalımızın ailə üzvlərindəndir.

16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər Şəmşiroğlu “Şərəf Nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalı ilə təltif edilib.
Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə dəyərləndirilib.

Dəyərli ziyalımıza Allahdan uzun ömür, can sağlığı və Kəlbəcərə getməyi arzu edirəm.

DAĞLAR

Xalısı var, xalçası var, xalı var,
Bəzənibdi çəmən, çiçəyə dağlar.
Meh tərpədib, sığallayıb telini,
Oxşayır qənirsiz göyçəyə dağlar.

Söykənibdi təpə dağa, yal dağa,
Çəmən kimi dolanıbdı yol dağa,
Səfalıdır, gəlib qonaq ol dağa,
Kəməri düzübdü birçəyə dağlar.

İldırımlar yollar, şimşək saxlayar,
Buluddan başına çalma bağlayar,
El-obasız sızıldayıb ağlayar,
Özü rövnəq verər qönçəyə dağlar.

SALAMLARIM VAR

Şahdağdan üz tutub Murova baxdım,
Bu dağdan o dağa salamlarım var.
Kəpəzin o üzü gözəl diyarda,
Düşmən tapdağında qalanlarım var.

Odu kirpiyində götürənlərim,
Həsrətlə köksünü ötürənlərim,
Çoxdan əzizini itirənlərim,
Ah çəkib saçını yolanlarım var.

Elin köməyilə çörəklənmişəm,
Dirçəlib, dirçəlib zirəklənmişəm,
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm qanımı alanlarım var.

Eşitdim gücünü, gördüm hünərin,
Qənbərəm, sevdiyim sərkərdələrin.
Həddini bilməyən nanəciblərin
Canına vəlvələ salanlarım var.

NİGARANAM

Anamın məzarı başında
deyilmiş şeir

Dərdim böyük, həsrətim çox,
Sonam, səndən nigaranam!
Pərvanəyəm, nur şölənə
Qonam, səndən nigaranam!

Nisgillərim yenə çin-çin,
Sızlayıram için-için.
Məzarın da dərd, mən üçün,
Anam, səndən nigaranam!

Kəlbəcər qəmə bələnib,
Yaş gözümdə gilələnib.
Qaçqın düşüb, səpələnib,
Obam, səndən nigaranam.

Ağdabanım qan içində,
Ürək dözmür can içində.
Qənbər, alış-yan içində.
Yaman səndən nigaranam!
Anam, səndən nigaranam!
Aman, səndən nigaranam!

BƏNÖVŞƏ

Dağlarda güllərin müjdəçi qızı,
Gətir elimizə bahar, bənövşə!
Xoş ətirin qəlbimizi oxşasın,
Bizi intizardan qurtar, bənövşə!

İnsanı cəlb edir xırda görkəmin,
Qovursan hər kəsin kədərin, qəmin.
Gözəllər gözəli bütün aləmin
Hamı səni əziz tutar, bənövşə!

Oldun sevənlərin ilk vəfadarı,
Qalmayıbdı hansı kəsin tutarı.
Öyrənmək istəsən pərəstişkarı
Məni də unutma, axtar, bənövşə!

Qüssədən, kədərdən biz uzaqlaşaq,
Gəl əl-ələ verib yal-yamac aşaq.
Səni çox bitirən dağlara qaçaq,
Olsun məskənimiz dağlar, bənövşə!

Nəğməkarlar odlu nəğmə deyəllər,
Qulaq asıb dinləyəcək bülbüllər.
Səni sevən gözəl qızlar, gəlinlər
Qom-qom edib dəstə bağlar, bənövşə!

Öz arzusu, öz diləyi hər kəsin,
Yaxşı bağban əsirgəməz meyvəsin.
Qarışarsa nəfəsinə nəfəsin
Qənbər şirin-şirin yatar, bənövşə!

GƏLMƏDİ

Gözüm yolda qaldı, qulağım səsdə,
Nə kağızın, nə də səsin gəlmədi.
İki cümlə yazmaq çətin iş deyil,
İstəmədin, ya həvəsin gəlmədi?

Qoy sevinsin bizi birgə bilənlər,
Daldalarda rişxənd edib gülənlər.
Düz deyirmiş boş söhbətdi deyənlər,
Təkrar-təkrar bir də gülsün, gəlmədi.

Zəhmət çəkib inciməyim çox əbəs,
Aydındır ki, ara vurdu müxənnəs.
“Ölüm olsa öləcəyəm!” – deyən kəs
Car çəkəcəm hamı bilsin, gəlmədi.

Söz verməyin özü böyük qərardı,
Əməl etməyin də qaydası vardı.
Görsək gəldi – bir həqiqət olardı,
Verdiyi qərarı silsin, gəlmədi.

Qənbər, biçarəyə artıq nə deyək?
Hər kəsin işini seyr edir fələk.
Aşikar bilindi qurduğu kələk,
Özü doyanacan gülsün, gəlmədi.

VURĞUNDU

Böyük Azərbaycan şairi, Azərbaycan şeir dilinin kamil yaradıcısı və bilicisi, bəlkə də birincisi olan ünlü S. Vurğun hələ vaxtilə “Muğan” poemasında koçmopdit tənqidçilərə belə demişdi:

Mən sizin tək nökər olub
Yad ocağı qalamadım!
Özgələrin süfrəsində
Nimçə dibi yalamadım!

Çoxu Səməd zirvəsinə çatmağa
Cəhd elədi, yorğundu ki, yorğundu.
Onsuz coşub dalğalanmır dənizlər,
Durğundu ki, durğundu ki, durğundu.

Hər yetən dedi ki, bağım çiçəkdi,
Söz el sərvətidi – xalq biləcəkdi.
Cəsarətlə bu bağçada gül əkdi,
Ətri yoxdu, solğundu ki, solğundu.

Şeirlərdə görünsə də, dağ-dərə
Ruhumuzu tərpətmədi bir kərə.
Ucalmağa Vurğun gəzən göylərə
Qırğındı ki, qırğındı ki, qırğındı.

Nanəciblər bostanına daş atdı,
Telli sazı yad ünsürə oxşatdı.
Qeyzə gəlib gur təbini oyatdı,
Dözə bilməz çılğındı ki, çılğındı.

Qənbər, denən: uca dağlar sıralı,
Qərib düşüb bir-birindən aralı,
Bu millətin böyük sənət qartalı
Vurğundu ki, Vurğundu ki, Vurğundu!

BİLMİRƏM

Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı – gələ bilmirəm!

Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!

Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!

Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.

Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!

LALƏSƏN

Görürəm ki, laləsən!
Yanaqların lalədən hələ bir az gözəldi
Gözündəki od-alov külək vurdu, közərdi,
Duruşun, oxşayışın lalədəndə betərdi.
Lap lalənin özüsən
Gözəllərin gözüsən
Lalə kimi bəzərsən
Çəməni sən, çölü sən
Amma qoy deyim yenə
Lalə olmaq şərt deyil
Lalənin ləçəkləri o qədərdə bərk deyil
Dərən kimi soluxar
Nə də ətir qoxuyar
Gül gərək gözəl olsun
Həm də cənnət qoxusun!
Güllərdəki gözəllik
Nə qədərdə bol olsa
Onun nə qiyməti bar
Əgər ətri yoxdusa!
Səndəcə bax beləsən
Ətrin qoxun tükənib
Adın dillərə gəlib
Xeyli tərif edillər
Lap gül kimi yalvarıb
Arxanca sürünüllər
Deyəsən bilməyillər
Güldə gözəllik bolsa
Bir gün komada qalsa
Tez əzilib solpusa
Alax iyi qoxusa
O nəyimə gərəkdi
Belə güllər, çiçəklər
Bəzəkli kəpənəkdi
Bir anlıq göz oxşayar
Qanadlanıb uçanda
Ətri, qoxu qalmayır
Ürəkləri odlayır, özü uçub gedəndə
Nişanəsi olmayır!
İncisəndə sözündən, belə deyəcəyəm mən
Sən ətirsiz çiçəksən
Lalələrdən qəşəngsən!

DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ

Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!

Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!

Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!

Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!

Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!

BU HƏSRƏT

Çoxdandı görüşmürük,
Həsrətini çəkirəm.
Nə gözəldi bu həsrət,
Niyə başa düşmürük,
Nə gözəldi bu həsrət?!

Eşitmişdim, deyəllər:
Filankəsin həsrəti.
Məni tamam öldürüb-
Yəqin onlar bilmillər,
Nə gözəldi bu həsrət!

Gözlərini görmürəm,
Tellərin əllərimlə
Sığallayıb hörmürəm.
Etiraf eyləyirəm:
Nə gözəldi bu həsrət.

Həsrətlə yaşamağın
Özü də bir ləzzətdi!
Düşünürəm o günlər
Nə yaman ötüb getdi.
Məni narahat edən
Yadigar məhəbbətdi.

Məhəbbətin vüsalı
Çəkdiyim bir həsrətdi.
Həsrət mənə təsəlli,
Həsrət mənə qismətdi.
Deyirəm, yəqin bu da
Özü bir səadətdi.

Bu həsrəti yaradan
Nakam bir məhəbbətdi.
Nə gözəldi bu həsrət
İlahidən bir qismət!
Nə gözəldi bu həsrət!
Nə gözəldi bu həsrət!

YAXŞIDI

Dostum Vaqif həkim məktub yazıb xahiş edir ki, Qənbər müəllim, mənim şeir yazdığımı heç kəs bilməsin.

Vaqif, təvazökar olma bu qədər,
Şeirini el-oba bilsə yaxşıdı.
Ləfzin gözəl, sözün şəhdi-şəkərdi,
Dəhanından bal tökülsə yaxşıdı.

Nəsihətlər yaşadıbdı insanı,
Daim olub sözün vaxtı, zamanı,
Həzm edə bilməyən məddi-mənanı
Nadanlar gəbərsə, ölsə yaxşıdı.

Yolun üstə payəndazlar sərilsin,
Kəlamın oxunub qiymət verilsin,
Müdam ətrafında məclis qurulsun,
Məclisə ariflər gəlsə yaxşıdı.

Axı sən şairsən, sözlərin haxdı,
Haqqı inkar etmək özü günahdı.
Sənətə xor baxmaq səndən uzaqdı,
Bağın-bağçan bol bar versə yaxşıdı.

Çoxdu mətbəxində qoşma-qəzəllər,
Soraqlayıb inan, əl-əl gəzəllər.
Başında cəm olan türfə gözəllər
Qəhqəhlə, şirinlə gülsə yaxşıdı.

Bəzəklidi toxuduğun ilmələr,
Sərrafın qədrini sərraflar bilər.
Dilindən süzülüb gələn kəlmələr
Qanmazın qəlbini bölsə yaxşıdı.

Giley etmə vicdansızdan heç zaman,
Elələri qalmır, çıxır sıradan.
Meydanda hayqırıb məşq edən aslan
İgidsə, qoçaqsa, nərsə yaxşıdı.

Diqqət elə, doğru eşit Qənbəri,
Babası, Dədəsi sözün zərgəri.
Kamillik qədrini bilməyənləri
Tarix, səhnəsindən silsə yaxşıdı.

NEYLƏYİR?

Dostum Vaqif həkimə

Vaqif, dünya qalınları xoşlayır,
Təhlilləri, isbatları neyləyir?!
Qanmaz özü yabıları xoşlayır,
Düratları, Qıratları neyləyir?!

Dərd silahlı, insan əli yalınmış,
Ürək bizə əcəl zəngi çalırmış.
Səmaları əllərindən alınmış
Tərlan quşum qanadları neyləyir!

Dünya dərddi, ya tanıma, ya tanı,
Tanımasan yandıracaq atanı.
Dünya sevir tez sığala yatanı,
Bədöyləri, inadları neyləyir!

İgidlərə söyləməyin qocalıb,
Misri qılınc düşmənlərdən bac alıb.
Usta əldə kələf müdam uc alıb,
Anlamazlar ustadları neyləyir!

Qanan olsa, nə var sözü deməyə,
Heyvanları çağırmazlar köməyə.
Öyrənibdi küləş, saman yeməyə,
Tər çiçəkli otlaqları neyləyir!

Gəl incimə sən Qənbərin dilindən,
Ayrı düşüb Kəlbəcərli elindən.
Sözdən ayrı nə iş gəlir əlindən,
Dəbdəbəni, büsatları neyləyir!

ÇIXIR

Dostum Vaqif həkimə cavab

Hər bir kəsin bəd əməli
Qabağına axır çıxır!
Xudadan pay istəyənə
Haxdan sürü, naxır çıxır!
İşin əyilən zamanı
Dost-düşməni yaxşı tanı,
Yüz qalayla mis qazanı,
İşləndikcə paxır çıxır!

Çox görmüşəm inlədiyin,
Dünyada “mənəm” deyənin.
Arpa, ya saman yeyənin
Tövləsindən axır çıxır!

Olur payı mübtəlanın,
Özünü oda salanın.
Meyli içkidə olanın
Sürfəsindən çaxır çıxır.

Qənbər, tanı bu gərdisi,
Çoxlarıynan olub işi,
Allah yaradıb günəşi,
Aləmə nur yaxır, çıxır.

GƏZƏR

Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!

İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!

Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.

Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!

Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.

GÜNAH BİZDƏDİ

Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.

Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.

Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.

Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.

İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.

BURDADI TELEFON

Dostum Vəliyəddin Misiroğlunun “Qara telefon” şeirinə cavab

Əzizim, Vəliyəddin! Narahat olma!
Niyə soruşursan: hardadı telefon?!
Məndən uzaqlaşmaz, bir yana getməz,
Bax elə cibimdə, burdadı telefon.

Qəddi-qaməti var, boynunu bükmür,
Pisikib, sınıxıb göz yaşı tökmür,
Nə təlaş keçirir, nə qorxu çəkmir,
Nə də bərkə düşüb, dardadı telefon.

Demə daldalanıb, fikrindən daşın,
Nigaran eləyir məni təlaşın.
Səsini gözləyir dostun, qardaşın,
Harda görmüsənsə, ordadı telefon.

Fikrini dəyişib gülmə, ay qağa,
İncisən canına düşər vəlvələ.
O qədər də əldən düşməyib hələ,
Gözü yolda, intizardadı telefon.

Özünü zəhmətə salma çox dərin,
Dedin, qulağıma çatdı sözlərin.
Hərdən harayına gəlir Qənbərin,
Mahnı bəstələyir, xordadı telefon.

VAR

Gözə görünmədən Haqq olan kəsin
Zühr edib bilinmək təcəllası var.
Yaratdığı hər bəndənin ayrıca
Özünə məxsusluq iştahası var.

İnsanı yaşadan duzdur, çörəkdir,
Halal zəhmət çəksən, O verəcəkdir.
Doğruçu, qeyrətli olmaq gərəkdir,
Bizlərdən beləcə təmənnası var.

Oğruya, əyriyə, yalana lənət,
Ürəyinə şeytan dolana lənət.
Aralığa nifaq salana lənət,
Hər işin oxşarı, öz qaydası var.

Atdığımız hər addımı izləyər,
Səbri çox böyükdü, dözər, gözləyər,
Qərara gələndə bir cümlə deyər:
Cümlənin xəbəri, mübtədası var.

İstəsə, hər şeyi aşıb-daşdırar,
Boy verər, bəzən də aşıb-daşdırar.
Ya göyə ucaldar, ya dolaşdırar,
Belə edər-etməz intəhası var.

Sərkərdələr sözdə bir olsa əgər
Qələbə gətirər, zəfər gətirər.
Axşam-səhər deyin: “Allahu-əkbər!”
Qənbərin sözünün bu mənası var.

SARILDI DAĞLAR

Yollar bağlanandan yol çəkir gözüm,
Yollara baxmaqdan yoruldu dağlar.
Bir anda dəyişdi gərdiş, ruzigar,
Bu nə qurğu idi quruldu, dağlar?!

Hər gün axıdıram gözümdən yaşı,
Bulaqlar olubdu könlüm sirdaşı.
Yüz yerdən oxlanıb bağrımın başı,
Səsimi duyanda yarıldı dağlar.

Atasız, anasız yetiməm, yetim,
Mən dərdimi açıb kimə söyləyim?!
Sənin həsrətindən çinar qamətim
İkiqat əyilib qırıldı dağlar.

Zirvədə olsa da şanım, şöhrətim
Qənbərəm, canımda çoxdu möhnətim.
Gördüm, tanımadı, “Oğlunam!” – dedim,
Anamtək boynuma sarıldı dağlar.

ÜSTÜNƏ

Özün xəlq etmisən, böyük Yaradan,
Nəzər sal, nur çilə yerin üstünə.
Elə əvvəllərdən qayda olubdu:
İnamla gedəllər pirin üstünə.

Qəlblərdə şeytanlar yuva salıbdı,
Şər ilə, böhtanla dünya dolubdu,
Artıq insan oğlu aciz qalıbdı,
Pərdə çəkə bilmir şərin üstünə.

Mane olan olmaz alsan, ya versən,
Ədalətin vardır – tədbir görürsən.
Xaliqsən, Vahidsən, Qadirsən, Birsən!
Hamı yön çevirir birin üstünə.

Öz güclü əlini atmasan əgər
Nadanlıq, nankorluq baş alıb gedər.
Hər kəs dərk edəcək nəsihət göndər,
Dərdə düşmüş bu bəşərin üstünə.

Qənbərin xahişi belədir, belə:
Dünyanı tutmasın xəsarət, bəla.
Yolumuzu sədaqətə tuş elə,
Hamı gedə bilsin xeyrin üstünə.

ANA DİLİM

Yurdum Azərbaycan, elim Kəlbəcər,
Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.
İstədim sözümü deyəm bir qədər,
Öz ana dilimdə, şirin dilimdə,
Bu dil ana dilim, bu dil şipşirin.

Doğulduğum kəndin adı Ağdaban,
Dağları yamyaşıl, meşələr duman,
Bu kənd söz diyarı, ümmandı-ümman,
Burda eşitmişəm yüzlərlə dastan,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə dünyaya açdım gözümü,
Bu dildə eşitdim Vətən sözünü.
Bu dildə tanıdım elə özümü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Həsənoğlu gözəl meyl oyatdı,
Nəsimi, Nəimi çox əziz tutdu.
Xətai bu dilli dövlət yaratdı.
Bu dil ana dilim, bu dil şip-şirin,
Öz dilim şirindi, öz dilim şirin.

Nəsimi, Füzuli sehirsə, sirsə,
Seyidi, Sabir sənətdə pirsə,
Üzeyir bu dildə mahnı deyirsə,
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə sevmişik eli-obanı,
Səməd Vurğun yazıb “Azərbaycan”ı,
Şəhriyar söylədi “Heydərbaba”nı.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə şəcərəm nəğmə oxuyub,
Babam sözlər ilə ilmə toxuyub,
Bu dilin sözləri cənnət qoxuyub.
Bu dil şeir dili Dədə Şəmşirin,
Bu dil ana dilim, bu dil şipşirin.

Nənələr bu dildə nağıl söyləyib,
Analar beşikdə laylalar deyib,
Bu dili yaradan şəkər eyləyib.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Müstəqil dövlətin dili bu dildi,
Bu dildə azadlıq sözü deyildi,
Bizi sevməyənlər çatladı, öldü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə yazarlar minlərdi, minlər,
Heç biri birindən geri deyillər,
Var olsun bu dilə mənim deyənlər.
Bu dil ana dilim, bu dil öz şirin,
Öz dilim şirindi, öz dilim şirin.

lll

Bir neçə il bundan əvvəl gənc xanəndə Güllü Məmmədova Muğam müsabiqəsində oxuyanda bəlkə də onun səsinə, avazına heyran olmaqla bərabər üz cizgilərində anamın surətini görüb pərəstiş edirdim.

I ŞEİR

GÜLLÜ

Adın Güllü, özün gülsən,
Cəh-cəh vuran bir bülbülsən.
Qönçələnmiş qızılgülsən,
Oxu, Güllü, oxu, Güllü,
Xoş avazlı, şirin dilli.

Şipşirinsən, təzə tərsən,
Həm noğulsan, həm şəkərsən,
Könüllərdə gül əkərsən.
Oxu, Güllü, oxu, Güllü,
Xoş avazlı, şirin dilli.

Oxuyanda “Zəminxara”
Qəlbim olur para-para.
Bilmirəm yol alım hara.
Oxu, Güllü, oxu, Güllü,
Xoş avazlı, şirin dilli.

17.07.2014

II ŞEİR

CEYRANIM

Güllü bala, “Zəminxarə” oxudun,
O muğamı bir də oxu, ceyranım.
Sözlə təsvir eylə gözəllikləri,
Kəlmələrdən ilmə toxu, ceyranım.

Yazda bənövşələr yayılar döşə,
Çalışar tamaşa etsin Günəşə.
Sən özün də dəstələnmiş bənövşə,
Qəlbi oxşar ətir qoxu, ceyranım.

Qənbər baba səni sevər, əzizlər,
Bir təşrif buyursan, yolunu gözlər.
Ehtiyat eyləyib üzünü gizlər,
Gözəllərin inan çoxu, ceyranım.

17.07.2014

III ŞEİR

ZƏNGULƏ ÇƏK

Güllü, şəkər qızım, ay göyçək qızım,
Sən ki, yaranmısan bir mələk, qızım,
Sənətin, şöhrətin mübarək, qızım!
Adın xatirinə bir zəngulə çək,
Biz də qulaq asıb “Çox sağ ol!” – deyək.

Anamın da adı olubdu Güllü,
Atamı çox sevib o şirin dilli.
Qarabağ gözəli, ay bizim elli,
Öz adın xətrinə bir zəngulə çək,
Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

Səsindəki zil də bəm də qəşəngdi,
Həmi məlahətli, həm də qəşəngdi,
Yoxdu bir əskiklik, kəm də, qəşəngdi
Öz adın xətrinə bir zəngulə çək,
Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

Gün o gün olsun ki, dağlara gedək,
Gedək, qədəmini mübarəkləyək.
Taxtadüzdə nərgiz, bənövşə dərək.
Öz adın xətrinə bir zəngulə çək,
Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

Sənət öyrənmisən kamil ustadan,
Heç nə deyə bilməz hər hansı nadan.
Alqış alacaqsan eldən, obadan.
Bir gün səsin gəlsin uca dağlardan.
Sevinib şad olsun qoy Qənbər baban!
Adın xatirinə bir zəngulə çək,
Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

17.07.2014

DƏRDİ

Taleyin hökmüdür, bəxtin gərdişi,
Canıma doldurub gecədə dərdi.
Elə bil ki, göndərdiyi bəs deyil,
Tovlayıb gətirir gücə də dərdi.

Deməyə, açmağa qorxu çəkirəm,
Göz yaşımı ürəyimə tökürəm.
Ağrı gəlir, dizlərimi bükürəm,
Bəs açıb söyləyim necə də dərdi.

Yəqin qismətimdi, payımdı bu da,
Mənə töhfə etdin bu gün yuxuda.
Sənin əlindədi, ey böyük Xuda,
Yox edib salarsan heçə də dərdi.

VERİR

Yadda saxla sözlərimi:
İstedadı Allah verir.
Bəzimizə cılız, arıq,
Bəzimizə gümrah verir.

Quru daşdan su süzülür,
Ətrafına gül düzülür.
Çox zaman hədər gəzilir,
Payı Böyük Dərgah verir.

Qənbərin sözünə inan,
Naşükürlük etməz insan.
Mərhəmətə gələn zaman
Əsirgəməz, billah, verir.

14,881 total views, 56 views today

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.