Aşıq ədəbiyyatı Nobelə layiqdir

Buyurun özünüzü təqdim edin?

Qərib-Alagözov Rauf Mübariz oğlu. 26.10.1982-ci ildə Gürcüstanda doğulmuşam. 1992-ci ildən 2002-ci ilə kimi Bakıda, 2002-2006-ci illər arasında isə İstanbulda yaşamışam. Hazırda vətəndəyəm, üzümə yaxşı baxmasanız yenə gedəcəm. (gülür)
Zarafatınızdan qalmırsız da… Qərib təxəllüsünün ədəbiyyata gəlişi necə oldu?
Əslində Qəribliyin hekayəsi çox uzun və anlaşılmazdır. Ədəbiyyata heç özüm də bilmədən, sürüklənib gəldim deyə bilərəm.
BSU-Yaradıcılıq fakülitəsindən razısız?
BSU-Yaradıcılıq fakültəsinin mənim ədəbi düşüncəmdə köklü dəyişikliklər etdiyini deyə bilərəm. Əlbəttə müsbət yöndə.

Anladım. Niyə məhz şeir?

ÜRƏYİMƏ yığılanları qarşı tərəfə məhz şeirlə bildirmək mənə rahatlıq verir.
Aşıq ədəbiyyatı ilə tanınmağa cəhd edib postmodernist şairləri qəbul etmirsiz. Səbəb nədir?
Mənə görə postmodernist şeir deyə bir şey yoxdur. Postmodernist düşüncə ola bilər, və bunu dəstəkləyirəm. “POSTMODERNİST ŞEİR” şeir yazmaq istəyib yaza bilməyənlərin uydurmasıdır.
Umberto Eko da postmodernistdir, Salam Sarvana da postmodernist şair demək olar. İkisi də zəifdir?
Mən postmodernizmi zəif hesab etmirəm. Eko alimdir və postmodernist düşüncələrini ədəbiyyata da yansıdıb. Mən postmodernist şeir üslubu yoxdur deyirəm. Bunlar ayrı-ayrı şeylərdir. Salam Sarvanı oxumuram. Fikirlərinin maraqli olduğunu eşitmişəm. Hardasa aforizm kimi oxumuşdum, amma şeir kimi oxumaq vaxt itkisi olardı. Ondansa Aşıq Ələsgəri, Abbas Tufarqanlını oxumaq daha faydalidir.
Etiraf etməsəniz də oxumusuz, qəbul da edirsiz. Ancaq belə başa düşdüm ki, sizə görə bu günün yazarı keçən əsrin 30-cu illərində ilişib qalmalıdır. Niyə?
Əgər müasirlik adı altında mentalitetimizə zidd yazılar yazılacaqsa nəinki 30-cu, hətta 20-ci illərdə qalmağa üstünlük verərdim.

Kimlər “mentalitetə” zidd yazır?

Günel Movlud, Aytən Nəsibbəyli, Əsəd Qaraqaplan və s.
Bu gedişlə aşıq ədəbiyyatı Qərib imzası ilə Nobelə layiq görülə bilər?
Qərib imzası ilə bilmirəm, amma aşıq ədəbiyyatı Nobelə layiqdir. Sadəcə biz yetərincə tanıdıb dünyaya çıxarda bilmirik.
Azərbaycan ədəbiyyatı, və yaxudda aşıq şeiri dünyaya açılmaq üçün hansı yoldan keçməlidir ki, siz deyən həqiqət olsun?
Dunya özunə, keçmişinə dönməyə cəhd edərkən, biz onların bəyənmədiyi bu gününə qibtə edirik. Bax budur, bizim məğlubiyyətimiz. Avropada ən çox tirajla satilan Harry Potterin bizim sehrli nağıllardan heç nəyi artıq deyil. Sadəcə özumuzun olana sahib çıxmalıyıq.
Mənə elə gəlir ki, Qəribin sərbəst şeirləri daha uğurludur nəinki heca. Buna münasibətiniz?
Əlbəttə ki, zövqlər müxtəlifdir amma mən sərbəst şeirlərimi bədahətən və danışdığım kimi birbaşa sosial şəbəkələrə,
məsələn facebook-a yazdığım üçün ciddi qəbul etmirəm. Sərbəst şeirləri mən də sevirəm amma “ÖZÜNÜ BURAXMIŞCASINA SƏRBƏSTİ YOX!”

Yazmağı bir kənara qoysaq, mütaliyə lazım olar?

Mütaliyə təkcə yazarlara yox, hər kəsə gərəklidir. Ən azından dünya görüşü və təfəkkürün inkişafı üçün.
Doğru. Məsələn, mənə görə insanın özünütanıma prosesi kitablarla tamamlanır. Bəs Qərib özünü necə tanıyır?
Qəribin qəribəlikləri qəribə olduğu üçün, Qəribin özünü tanımağa çalışması da qəribədir.
Bir sözlə, qəribsiz ki, Qərib?
Özüdür ki, varam. (gülür)
Yaradıcılığınızda qarşı tərəf daha çox sevgili obrazıdır. Həmin obraz olmasaydı nədən yazardınız?
Yazmazdım yəqin ki… Mənə boşuna “Sultanül-Eşq” (Eşq Sultanı) deməyiblər.

Sonda şeirlərinizdən biri gəlsinmi?

Ötənlərin xatirinə dinlə gəl,
Gedər ayaq son xahişim var sənə.
Getməyinə olmayacam da əngəl,
Öncə dinlə, sonra isə get yenə.
Gəlişinlə gətirmişdin sevinci,
Xoşbəxtliyi tanımışdım səninlə.
Mənim üçün sən olmuşdun bir inci,
Günəşimdin, yürüyərdim yönünlə.
İndi isə, tərk edirsən səbəbsiz,
Gəlişintək gedişin də müamma.
Getmə deyə çökməyəcəm sənə diz,
Son sözümü söyləyəcəm mən amma…
Çantalari yenidən yığ, düzənlə,
Dərdlərimi əşyalara qatarsan.
Demirəm ki, hər an gəzdir özünlə,
Məndən apar, yarı yolda atarsan.
Təşəkkürlər!

Avanqard.net

4,272 total views, 4 views today