Aygün Sadiq – OLUR

OLUR

Xalqa vəkil olsan da, seçilmirsən ölüdən,
Daha fərqin qalmayıb qanlar soran zəlidən,
Bezar olduq gündə bir dəb çıxaran dəlidən!
Vəzirlik dəlilik mi? Vəzir belə mi olur?

Gah yengə kəsilirsən kasıbın balasına,
İzin tələb edirsən uşaq doğulmasına,
Söylə, əl tutmusan mı bir şəhidin yasına?
Dörd qızı qalanların çox mu sələmi olur?

Sən asan mı sanırsan ataların yasını?
Nə üzlə ələ saldın dağılmış dünyasını?!
Əsgər yaşı haqlamış hər vəzir balasının
Xaricdə, şəkillərdə məmnun görkəmi olur.

Kasıbın yeməyini, içmədiyi sayanda,
Heç mi peşman olmadın haqqı oğurlayanda?
Əməllərindən bezib yaşamaqdan cayanda
Taladığın rəiyyət indi dəli mi olur?

Ağzından çıxanları bir özün duysan əgər,
Kasıbın atasını adamdan saysan əgər,
Özünü o ATAnın yerinə qoysan əgər,
Bilərdin, kasıbların necə bir qəmi olur.

Köhnə geyimlərindən yağan hüzürdən utan,
Üstü götürülməyən neçə məzardan utan,
Sənə iman öyrədən bir gənc yazardan utan,
Axirətdə haqsızın böyük sitəmi olur.

7,247 total views, 4 views today