ŞƏHİD QIZI ( Şəhid qızının atası ilə söhbəti)

ŞƏHİD QIZI
Ata, bax sənə qərənfil gətirmişəm. Anam qərənfilləri çox sevdiyini deyir. Onunla ilk görüşə bir yekə buket qərənfillə getmisənmiş. Hamısı da qızrmızı. Düzdü, mən sənə bir buket gətirə bilməsəm də iki dənə gətirmişəm. Söz verirəm, bir az çox pulum olsun yekə bir buket gətirəcəm. Elə yekə olacaq ki, qucağına sığmayacaq.
Həmişə anamdan sənin necə biri olduğunu soruşuram, anam danışdıqca dinləməyə doymuram. Deyir çox güclü və mərhəmətli olmusan. Mənə də ən gözəl paltarları alırsanmış. Saçımı daramağı çox sevirsənmiş, qırmızı “bantik” vurusanmış. İndi saçlarımı özüm darayıram. Bilirsən də anam xəstədi, əlləri, ayaqları tutmur. Hətta onun saçını da mən darayıram, dərmanlarını da mən alıram. Vallah özüm qazanıram, heç kimə əl açmıram. Keçən dəfə demişdim, qatarda “bakkuş” satıb pul qazanıram. Düzdü, “pravadniklər” məni bir az incidir, satmağa imkan vermək istəmirlər, amma mən sənin qızıname, ağızlarının payını verirəm sənin düşmənin ağzının payını verdiyin kimi.
Baxma üstümdəki paltarın köhnə olduğuna. Bir az pul yığmışam ki, məktəbə gedəndə özümə kitab, dəftər, qələm və gözəl paltar alım. Ayaqqabı da alacam. Sən qırmızını çox sevirsən deyə qırmızı “bantik” də alacam. Anam deyir saçımı darayıb ikiyə ayıraraq hər ucuna “bantik” vurusanmış. Mən də sənin daradığın kimi darayıb ikiyə ayırıb hər ucuna “bantik” vuracam. Məktəbin ən gözəl qızı mən olacam. Qoy deməsinlər atasının adı verilən məktəbə qızı pis gündə gəlir.
Bizə görə narahat olma. Hər gün evə çörək, kartof alıram. Çünki ancaq kartof qızarda bilirəm hələ ki. Gülmə, böyüyəndə öyrənəcəm də. İmkan olduqca ya yarım kilo ət, ya da 1 dənə toyuq alıram. Qonşumuz Mənzər xalanı çağırıram, sənin sevdiyin yeməkləri bişirir, sağ olsun. Anamla elə iştahla yeyirik ki. Dondurma da alıram hər gün. Anam deyir sən mənə ən bahalı dondurmaları alırsanmış. Düzdü yadıma gəlmir, amma çox bahalı bir dondurma görmüşəm, məktəb paltarlarımı filan alandan sonra pulum qalsa, o dondurmanı alıb yeyəcəm, görüm sənin aldığın dondurmaların dadı yadıma düşəcəkmi…
Ata, icazənlə mən gedim. Söhbətə başım qarışdı, bir azdan qatar gələcək, gecikəcəm. Əlimdə bir az “bakkuş” var, satıb qurtarım, sonra paltar almağa gedəcəm. Yenə gələcəm, səninlə danışmaq çox xoşuma gəlir. Gələn dəfə gələndə təzə paltarlarımı da geyinəcəm. Görəcəksən qızın necə gözəl olub. Kitablarımı da gətirib göstərəcəm sənə. Hələlik, ata. Öpürəm. Bax, mən gedəndən sonra arxamdan ağlama ha. Söz verirəm mən də ağlamayacam, mənə ağlamaq yaraşmaz. Axı mən qəhraman bir şəhidin qızıyam…

5,753 total views, 3 views today