ÜZLƏŞMƏ

ÜZLƏŞMƏ

O gün facebook sosial şəbəkəsində baxdım ki, məni mesaj bölməsində bir qrupa əlavə ediblər. Düşündüm yenə hansısa virus filandır və çox diqqət eləmədim. Boş bir vaxtımda İşdə oturub mesaj bölməsinə baxanda gözüm “11 q” yazısına sataşdı.
“11q” -18 il əvvəl bitirdiyim sinif.
Qəribə hislər keçirdim. Bir an gözümdə bütün məktəb illərim canlandı. Hüzün, kədər, çətinlik dolu, amma gözəl məktəb illərim. Gözəl deməyimə baxmayın, gözəlliyinin nə olduğunu heç özüm də bilmirəm, amma özüm özümə deyirəm ki, gözəl idi. Bəlkə də deyildi.
Qrupa daxil olanda kimləri gördüm, ilahi. Fərhad, Teymur, Pərvin, Bakir, Vüsalə, Xuraman, Rufan, Vəfa , Elməddin , Roman və.s məktəbi bitirdikdən sonra görmədiyim bütün sinif yoldaşlarım…
Özümü və o qrupda olanları çox qınadım içimdə. Axı niyə belə vəfasız və etibarsız olmuşuq? Niyə bu günə qədər axtarmamışıq bir-birimizi?

Birdən 18 i əvvəlki Raufla üzləşdim. Kasıb, çirkin, sevilməyən Raufla.
Guya universitetə hazırlaşan, amma bütün günü küçələrdə dolaşıb avaralıq edən 17 yaşlı Rauf necə də qəribə biri imiş?
Əynində 3 ilin şalvarı, cibində 1 “məmməd” pulu yox, heç bir hazırlığa gedə bilmir, amma soruşana yekə-yekə “hüquqa hazırlaşıram” deyən zavallı yalançı.
-Ayə, sən hara, hüquq hara? Necə girəcəksən axı? Burax müəllim yanına getmək üçün pulun, Abituriyent jurnalın, düzəməlli dərs vəsaitin belə yoxdu. Lap tutaq ki, bəxtin gətirdi və girdin? Nə ilə gedib gələcəksən dərsə? Tutaq ki, onu da birtəhər yola verdin, bəs, “zaçot”lar, imtahanlar? Fərz edək ki, onun da üstəsindən gəldin. Bitirəndən sonra kimdi axı sənə iş verən? Sənin pulun var işə girməyə? Sən ən yaxşısı avaralığını elə.
Məktəb sevgimlə üzləşdim, müəllim yanına hazırlığa gedirdi, mən də uzaqdan onu təqib edirdim. Qara,sıx saçlarını çiyinlərinə ataraq iri gözləri ilə mənə elə qəribə baxırdı ki…
Ədəbiyyat müəlliməm Məryəm müəllimə çıxdı qarşıma, “Ay oğul, bilirəm vəziyyətinizi, uşaqlarla gəl-get, heç nə istəmirəm, yetər ki, sənin kimi yaxşı oxuyan uşaq hədər olmasın” deyən müqəddəs müəlliməm…
“Sinifdə kiminsə xəbəri olar müəllim havayı hazırlayır” düşünüb müəllimin təklifini qəbul etməyib hətta həmin müəllimin məktəbdəki dərslərinə də girməyərək direktorun qorxusundan koridorlarda gizlənən Raufu gördüm. Yaxınlaşıb yaxşıca təpiyin altına salıb qulağından tutaraq sinifə aparmaq keçdi içimdən. Mənlə üz-üzə gəlməkdən çəkinib harasa gizləndi.
“Son Zəng”də əlinə mikrafonu alıb iyrənc səsi ilə “Bu akşam ölürüm” oxuyan Raufu da gördüm. Əynində də 3 ildi hər gün məktəbə geyindiyi eyni paltar var idi.
Univeristetə girə bilməyən, evdəkilərin üzünə baxa bilməyən, özünü yararsız biri hesab edib gecə yarılarına kimi küçələrdə dolaşan Rauf çıxdı qarşıma. Yaxınlaşıb “canın sağ olsun, univeritetə girməmək dünyanın sonu deyil” demək istəyirdim ki, gördüm avtobusla Türkiyəyə gedir pul qazanmağa.
Ordakı əzab dolu illərdəki Rauf mənim üzümə belə baxmaq istəmirdi. Sanki deymək istəyirdi ki, “sən niyə məni məktəb koridorunda döyüb sinifə salmadın”. Axı bütün sinif yoldaşları universitetdə oxuyurdu, ondan başqa…
Sonra Bakıya qayıdan, mebel sexində işləyən, öz işini quran Raufla qarşılaşdım. Üzümə baxıb gülümsədi, hiss elədim ki, yaxınlaşıb məni qucaqlayıb demək istəyir ki, “nə yaxşı o vaxt qarışmamısan mənə, nə yaxşı o vaxt girməmişəm universitetə”. Yoxsa indi diplomlu işsizlərdən idim.
Birdən telefonumdan səslər gəlməyə başladı.
-Rauf, burdasan?
-Ay Rauf?
-Ayə fikrin hardadı?
Bütün sinif yoldaşlarım videokonfransda qarşımda idi.
-Salam, sizi gördüyümə çox sevindim, gəlin görüşək, bir də itirməyək bir-birimizi…

5,194 total views, 3 views today