QARLI SƏTİRLƏR- Ramiz Qusarçaylı

QARLI SATİRLƏR

Ağ yaza oxşayır qışın gəlişi,
Ağaclar bu səhər ağ yarpaqlayır.
Baxıram,
baxışım qara ilişir,
Dönürəm, gözümü işıq bağlayır…

Zirvələr əl çəkir bulud saçına,
Dağılır üzünə naz çiçəkləri.
Şəlalə çevrilir qar ağacına
Asılır qayadan buz çiçəkləri.

Açılır göylərin şimşək sapandı,
Ayı hikkəsindən qarı kötəklər.
Qalıb qar altında …
meşəçi andı, −
Qalıb qar altında qara kötüklər…

Göyərməz göy çənə
göyəm kolu da,
Qar dolu hər yuva ağ cama bənzər.
Qırov qırmalayar qırqovulu da,
Çırpar qanadından Günəşi zər-zər…

Qovur sahilindən çayın soyuğu,
lilparda lillənən quşun səsini.
Dinləyə bilmirəm qaratoyuğu
Sağsağan qaçırır zənguləsini…

Ağ yuxu içində itir bulaqlar,
İndi də sözünü ağ sükut deyir:-
-Çıxdınız dumandan, çəndən, a dağlar,
Qışınız mübarək, qarınız xeyir!..

A BƏNÖVŞƏLƏR

Nə çiçək günüdü, nə arı fəsli,
Nə yaza gedirəm, a bənövşələr…
Büküb ürəyimə bir sarı fəsli
Payıza gedirəm, a bənövşələr…

Bir yanda dağların bəyaz yuxusu,
Bir yanda quşların vida oxusu,
Üşüyür gözümdə xəzəl qoxusu
Ayaza gedirəm, a bənövşələr…

Heyrətim ovunmur güllü oyundan,
İslanır tənəyin yaşıl suyundan,
Asılıb bir gülün əsmər boyundan
Güdaza gedirəm, a bənövşələr…

Əsdirir səbrimi o sirr sevdalar,
Sərsəri sevdalar, səfil sevdalar,
Qanıma susayıb qəfil sevdalar
O qıza gedirəm, a bənövşələr…

Ömür ağ yol üstdə bəyaz yazıymış,
Çoxu çoxdan gedib,
qalan azıymış,
Dünyanın son nazı ölüm nazıymış
O naza gedirəm, a bənövşələr…

DƏN DAŞI

Gedəsən dünyanın axırınacan,
bir misra xətrinə ölüb gedəsən.
Qaçıb adamından naxırınacan
izini, tozunu silib gedəsən…

Səhərin zərində üzən lək kimi,
düzəsən sətrinə gül adlarını.
Tikana sancılan kəpənək kimi
meh döyə şeirinin qanadlarını.

Yemşan çiçəyində iynə gəzəsən,
tel-tel ləçəklənə arı köynəyi.
Buludlar içindən ayı süzəsən
yarpaqlar içindən sarıköynəyi…

Alasan könlünü şehli nərgizin,
bənövşə ovlaya hər kolda səni.
Coşa yamacların yovşan dənizi
yuyub dalğa-dalğa durulda səni.

… Üyütmə bu dərdi,
dən daşı çəkməz,
dərdini quzu tək qırpıb gedəsən.
Bu mizan-tərəzi mən daşı çəkməz
özünü daşlara çırpıb gedəsən…

Gedəsən, hər şeyi yarımçıq qoyub,
bir təbiət ola,
bir də bu ürək.
Dünyanın sonuna alaçıq qoyub
İşini qurasan qarışqalar tək…

MƏN KƏNDDƏN ÇIXANDA GECƏ YARIYDI

Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.

Enib dərələrin, düzlərin üstə
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Mehlə sığallanıb nazilən otlar
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar
Torpaqdan yapışıb dikəlirdilər.

Qönçələr çəmənə pıçıltı salıb
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.

Gedirdim, gecənin haysız-haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız
Hələ yuxusundan oyanmamışdı…

Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı –
Uyuyub qalmışdı güllərin üstə …

DÜNYA KÖKDƏN DÜŞÜB

Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
Kim kimi kökləyir,
kim kimi qırır,-
Kimin də kimləri yerində deyil…

Yuyulmaz Qəzzada hərbin əlləri,
ABŞ-ın lilləri, Qərbin lilləri…
Batıb Suriyada haqqın zilləri
İraqda bəmləri yerində deyil…

Kimdi saya salan türk çabasını,
Səriblər üstünə fars libasını,
Pozdular ərəbin əlifbasını,
“Mim”ləri, “Cim”ləri yerində deyil…

Hər körpə qəbrində can havası var,
Qisas havası var,
qan havası var,
Qiyamət adında son havası var,-
Sonun iqlimləri yerində deyil.

Şərt kəsmir bu şumlar,
bu yabalıqlar,
Oynadır ümmanı xırda balıqlar,
Yer-yerdən böyüyür xarabalıqlar
Göyün təlimləri yerində deyil…

Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.

ANAMA

Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi
Sənsən göz yaşımın sonası, anam.

Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam…

Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa canı sağ olsun
Məni sevənlərin anası, anam…

8,194 total views, 24 views today