ŞAİRLƏR ANADAN YETİM DOĞULUR- Mənsur Həsənzadə

Papaqlar keçdikcə çox başdan başa,
Çox bəla gələcək, çox başdan, başa,
Vətəni bütöv sev, gəz başdan-başa,
Vətənin o başı, bu başı olmur…

Həm nökər, həmdə ki, paşa, unutma-
Qonaqdı dünyada, yaşa, unutma!
Ürəklər dönəndə daşa, unutma-
Gözlərdə zərrəcə göz yaşı olmur!

Dillər topuq vurur, baş çaşır daha,
Ürəklər nələrə qatlaşır daha..!
Adamlar torpağa yadlaşır daha,
Daha tarixin də yaddaşı olmur!

Bir şey ki, bilirik asanı çətin,
Demək, haqqımızdı çəkək zilləti,
Ruhunda mütilik olan millətin-
Qılıncı, “qalx!” anı, savaşı olmur!

Olmayır gözünün üstündə qaşı,
Nə bir səliqəsi, nə bir ” təraşı”,
” Zorlanmış vətən”in heykəltaraşı,
Şairi, rəssamı, nəqqaşı olmur!

Mənsur, hisslərinin kökü soğulur,
Eşqin, azadlığın, ruhun boğulur.
Şairlər anadan yetim doğulur,
Şairin ” bacısı, qardaşı” olmur!

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Dedin ki, “Bayramın mübarək, şair”,
Eh, gecə ötüşər, yenə dan gələr…
Şeirlər yazsa da bayrama dair,
Bayramlar şairin burnundan gələr.

Başımız qarışıb şeir yazmağa,
Bizim yazımız da belə yazılıb!
Tanrı qıymayıbdı xeyir yazmağa,
Şər bu məmləkətə, elə yazılıb!

Şeytan nəfəsi var şəhərdə, kənddə…
Haqqın ayağından neçə şər çəkir,
Bəlası bol olan bu məmləkətdə-
Dərdin yarısını şairlər çəkir!

” El gücü, sel gücü” deyib babalar,
Hanı güc, cəsarət elin içində?
Bəlkə haqqımızı yeyib babalar,
Biz də haqq gəzirik “selin” içində!

Nə isə…deməklə deyil bitəsi,
Dərdimiz bir deyil, iki deyil ki…
Yığılsa dünyanın altı qitəsi,
Çəkəmməz Qarabağ yükünü, bil ki.

Sevinci günbə-gün solan şairin-
Əzabı, bəlası, dərdi tək olmur,
Torpağı işğalda olan şairin-
Bayramı heç zaman mübarək olmur!

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

” maraqlı yalan”

Gəlin bir maraqlı yalan danışım..
Məzmunu başqadı, forması başqa.
Mənim yalanımın ipi fərqlidi,
Mənim yalanımın torbası başqa.

” Yalan ayaq tutar, yeriməz” dedi,
Ən doğru yalanı babam danışdı.
O gündən bu günə babam qarışıq-
Bütün yalançılar mənə tanışdı.

Daha mələklərin qəmlıdi könlü,
Daha şeytanların çarxı yağlıdı.
Kim deyir qırx gündü yalanın ömrü?
İndiki yalanlar qırxayaqlıdı.

İndi bir sualin cavabı mindi,
Həqiqət yalanin özündən keçir.
Dunyanin ən yekə yalanı indi-
Ən xırda iynənin gözundən keçir.

Mən də yalançıyam, şeirim baş qatır,
Hələ demədiyim neçə yalan var.
Mənim danışdığım yalan başqadır,
Yaninda yalandır bütün yalanlar!

Yozun, yalanımı min yerə yozun,
Mənim yalanlarım yanan çıraqdı.
Şeirlər ən gözəl fikir tablosu-
Şairlər ən gözəl yalançılardı.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

“.. ürəyimin sirr tərəfində”

Sənə adi olan mənə müqəddəs,
Gəl dolan ruhumun pir tərəfində.
Gecə də, gündüz də o ilahi səs
Gəzir düşüncəmin hər tərəfində.

Demirəm günəşsən, dövrəndə ayam,
Nə mənə bəxşişsən, nə sənə payam.
Mən sənin eşqinin zindanındayam,
Sən mənim eşqimin hürr tərəfində.

Toxunma, qəlbimə bir də toxunma!
Məni beləcə sev, bundan çox umma,
Dayan!!! Çıxa bilər yer öz oxunnan,
Dayanma dünyanın bir tərəfində.

Özümü gözümdən sala bilərsən,
Və yenə könlümü ala bilrsən..
Nə qədər istəsən qala bilərsən-
Gəlib ürəyimin sirr tərəfində.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Günahkaram, qüsullanıb-
” Çimərəm”, Allah, “çimərəm”.
Mən Əliyəm, Hüseyinəm,
Ömərəm, Allah, Ömərəm.

Nə yaransa yarandı kəm…
Dağlardı kəm, arandı kəm,
Halal tapsam, haram tikə-
yemərəm, Allah, yemərəm!

Ömür saray, dərdlər himi,
Sevinci bir, dərdləri min.
Ürəyimdə dərdlərimi-
Gömərəm, Allah, gömərəm!

De, cənnətə kimsə gedib?
Əməlində ” xəmsə” gedib?
Çatanmıram şəmsə- gedib,
Qəmərəm Allah, qəmərəm!

İnam yoxdu dinə, Allah!
Ver sinəni önə, Allah!
Yoxsa, inan, sənə Allah-
demərəm, Allah, demərəm!!!

xxxxxxxxxxxxxxxxxxxxxxxxx

” Vətən, başın sağ olsun”

Şirin dilə güc verib, başını çox qatdılar,
Az zaman kəsiyində çox məqsədə çatdılar.
Ayağından asdılar, barmağını kəsdilər,
Kipriyini yoldular, gözünü çıxartdılar…
Vətən, qaşın sağ olsun!

Başın yaman qarışdı, papağını satdılar,
Bu dağını pay verib, o dağını satdılar,
Azadlığın göz açıb, hələ ayaq tutmamış-
Əl altından əl sıxıb torpağını satdılar…
Vətən, daşın sağ olsun!

Donnan dona girənlər biçdi məsləhətli don,
Bizə noolur, haqq olur, nə əvvəldi, nə də son.
Sənin yaralı yerin kimə maraqlıdır ki?…
Ən ümdə arzumuzdur kürsü, qələm, mikrafon…
Vətəndaşın sağ olsun!

Çox da özün gözəlsən, taleyin üz qarası,
Bu gedişlə sağalmaz ürəyinin yarası,
Sən ki, yaxşı bilirsən, taa əzəldən yaxşıdır-
Bu millətin, bu xalqın ağlamaqnan arası…
Vətən, yaşın sağ olsun!

Ürəyi yandı yazdı, Mənsur da nə yazdısa,
Vətən, xətrin istəsə, yenə yazım, azdısa…
Balıq başdan iylənər, babal yuyar ” ayaqlar”,
Başda oturanların ayağını qazdısa…
Vətən, başın sağ olsun!

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Tanrı elə bölüb bəxti böləndə
Düşməyib qismətə qalıqdan belə.
Bitmireee kredit ödənişləri,
Çıxmışam dəridən, qabıqdan belə.

Köhnə zədəsi var, tər zədəsi var,
Min cürə iftira, şər zədəsi var,
Mənim ürəyimin hər zədəsi var,
Kəsikdən, deşikdən, çapıqdan belə.

Yüz qram şərabla bir quru kilki…
Arzu bu günküdü, dərd keçənilki,
Qadası, yoxsulluq ayıb deyil ki,
Sataram süzmədən, qatıqdan belə.

Mənim həyatımla ol tanış, buyur!
Gah dolu təntidir, gah yağış yuyur!
Ahımı, naləmi göydə quş duyur,
Hiss edir dəryada balıqdan belə.

Əllərim toxada, yabada qaldı,
Gözlərim qazanda, tavada qaldı,
Bütün dualarım havada qaldı,
Daha incimişəm Xalıqdən belə!

3,941 total views, 1 views today